Son yeniləmə: 2 Oktyabr 2023 11:24
Dr. Yücel Karauz: Qanlı aksiyanın həyata keçirilməsi üçün seçilən zaman və məkana diqqət etsək, bu terrorun məhz bəlli xarici güclər tərəfindən Türkiyəyə ünvanlanan bir mesaj olduğunu deyə bilərik
BAYRAQDAR MEDİA – “Türkiyəyə qarşı olan terror təşkilatları və həyata keçirilən terror aktları xaricdəki bəlli güc mərkəzləri tərəfindən idarə edilir”.
Bunu Ankarada baş verən son terror aktını BAYRAQDAR MEDİA-ya üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
Qeyd edək ki, oktyabrın 1-də Türkiyənin Ankara şəhərində yerləşən Türkiyə Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmet İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib. Daha sonra isə PKK terror təşkilatı Türkiyənin Ankara şəhərindəki törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu terror təşkilatları müəyyən zaman ərzində “soyuducuda saxlanılır”
Dr. Y.Karauz deyib ki, bu terror təşkilatları müəyyən zaman ərzində, belə demək mümkünsə, “soyuducuda saxlanılır”, qorunur, müdafiə edilir və Türkiyəyə hər hansı təzyiq etmək lazım gələndə hərəkətə keçirilir: “Bu terror təşkilatları adəti üzrə Türkiyənin güclü olduğu, qlobla proseslərdə qəti mövqe ortaya qoyduğu və Batının arzularını reallaşdırmadığı zaman fəallaşdırılır. Oktyabrın 1-də Ankarada baş verən də eynimotivli terror aktıdır. Düzdür, Türkiyə polislərinin çevikliyi nəticəsində terrorçuların planları tam reallaşmayıb. Bununla belə, qanlı aksiyanın həyata keçirilməsi üçün seçilən zaman və məkana diqqət etsək, bu terrorun məhz bəlli xarici güclər tərəfindən Türkiyəyə ünvanlanan bir mesaj olduğunu deyə bilərik. Məsələ burasındadır ki, oktyabrın 1-də Türkiyə Böyük Millət Məclisi yeni qanunvericilik ilinə başlayıb. Yeni dönəmdə ilk iclasını keçirib. Məhz bu tarixdə TBMM-in və nazirliklərin yerləşdiyi İsmet İnönü Bulvarında, xüsusilə də Daxili İşlər Nazirliyinə yaxın ərazidə bu qanlı olaya əl atılması, dediyim kimi, Ankara üçün, Türkiyə dövləti və hökuməti üçün Batının qaranlıq mərkəzlərinin mesajı kimi dəyərləndirilə bilər”.
Bu, Batının bəlli qaranlıq mərkəzlərini qane etməyib
“Bəs, indiki halda həmin mərkəzləri daha çox narahat edən nədir” sualına gəlincə, müsahibimiz ilk növbədə Güney Qafqazda cərəyan edənlərə diqqəti yönəldib: “Mən Güney Qafqaz deyəndə, Ermənistan-Azərbaycan cəbhəsində cərəyan edən prosesləri, həmçinin, Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərini nəzərdə tuturam. Türkiyənin bu proseslərdə Azərbaycanın yanında olması, sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Azərbaycanın haqq davasında qardaş ölkəyə verdiyi dəstək, BMT tribunasından etdiyi qətiyyətli çıxış Batının bəlli qaranlıq mərkəzlərini qane etməyib”.
Lakin bu da son deyil: “Türkiyənin Rusiya-Ukrayna müharibəsində sərgilədiyi mövqe, Liviyada, Suriyada öz sözünü deməsi, güneydə bir terror dövlətinin qurulması cəhdlərinin qarşısını qətiyyətlə alması, Balkanlarda cərəyan edən gərginliyin azaldılması üçün göstərdiyi cəhdlər də xaricdə bəlli gücləri narahat edib. Ona görə də onlar yenidən hərəkətə keçiblər. Əslində, bu mərkəzlər Türkiyəyə qarşı bəzən iqtisadi, bəzən maliyyə, bəzən də qanlı terror fəaliyyətlərinə baş vururlar”.
Onlar Güney Qafqazı yenidən qan gölünə döndərmək istəyirlər
Dr.Y.Karauz daha sonra, “mən bir daha diqqəti Güney Qafqaza yönəltmək istəyirəm. Yəni, bu qanlı olayın Ermənistanla Azərbaycan arasındakı problemin həllinə yaxınlaşıldığı bir ərəfədə baş verməsi təsadüfi deyil. Sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın problemin birdəfəlik həlli üçün dördlü format təklifini də diqqətə alsaq, bütün mənzərə aydın olur. Fəaliyyətləri ancaq ayrı-ayrı regionlara qan, müharibə, müstəmləkəçilik, fəlakətlər gətirməkdən ibarət olan bəlli xarici güclər bu dəfə Güney Qafqaza yönəliblər. Onlar Güney Qafqazı yenidən qan gölünə döndərmək istəyirlər. Lakin burada onların qarşısında qətiyyətli və sülhsevər bir Türkiyə dayanıb. Bu isə onları Türkiyəyə qarşı bütün cəbhələrdə hücuma keçməyə vadar edib. Özü də bu dəfə yenə də ASALA və PKK Türkiyəyə qarşı birləşib. ABŞ-da ermənilər tərəfindən həyata keçirilən cinayətlər, Azərbaycan və Türkiyəyə qarşı beynəlxalq aləmdə PKK-PYD və FETÖ-PDY terror təşkilatlarının son addımları da bunu bir daha təsdiqləyir. Lakin düşmənlərimizin bütün cəhdləri iflasa uğraycaq və Azərbaycan-Türkiyə qardaşlığı öz sözünü bundan sonra da bütün sahələrədə qətiyyətlə deyəcəkdir” deyib.