BAYRAQDAR MEDİA – Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatında “Üç dəniz əfsanəsi” adlı filmin təqdimatı keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanan film müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Film “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin əsəridir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birlikdən daxil olub.
Qeyd edilir ki, “filmdə “Əsrin müqavilə”sinin imzalanması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə bağlı Heydər Əliyevin verdiyi qərar və həmin illərdəki mürəkkəb tarixi şərait diqqətə çatdırılır. Ümummilli lider xaricdən göstərilən təzyiqlərə rəğmən bu prosesdə Azərbaycanın milli maraqlarını necə qoruyub və əcnəbi konsorsiumların gözləntilərini necə puça çıxarıb? BTC marşrutunun seysmik və ekoloji “təhlükələri”, iqtisadi cəhətdən qeyri-rentabelliyi barədə ssenarilər hansı ölkələrdə yazılırdı və Heydər Əliyev müdrikliyi bu cəfəngiyatları necə alt-üst edib? BTC-nin maliyyələşməsi müşkülünün pərdə arxası və onun həllini tapmasında Heydər Əliyev fenomeni filmdə tarixi faktlarla açıqlanır. Önəmli məqamlardan biri də Ümummilli liderin unikal neft strategiyası xəttinin Qarabağ düyününün çözülməsindəki açar roludur”.
Daha sonra bildirilir ki, “filmin müsahibləri olan Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəhbəri Valeh Ələsgərov, Azərbaycanın 1993-1998-ci illərdə xarici işlər naziri olmuş Həsən Həsənov və Türkiyənin ADCO neft qatqıları şirkətinin rəhbəri Selçuk Akatının fikrincə, Heydər Əliyev olmasaydı, BTC sadəcə kağız üzərində qalardı. “Üç dəniz əfsanəsi”nin gerçəkləşməsi bir insanın vətəninin, xalqının gələcəyi naminə sonsuz əzmkarlığının bariz sübutudur”.
“Üç dəniz əfsanəsi” sənədli filminin ideya müəllifi Ülviyyə Abdullayevadır. Ssenari müəllifi İlhamə Novruzova, aparıcı Xanım Daşdəmirova, quruluşçu rejissor Əlihüseyn Məlikov, prodüser Firuzə Cəlilova, məsləhətçi Mehriban Alışanovadır.
“Təqdimat mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Sadiq Qurbanov, Vüqar İskəndərov, Məzahir Əfəndiyev, Jalə Əhmədova, İlham Məmmədov, Ülvi Quliyev və bir sıra ictimai xadimlər, media mənsubları iştirak ediblər”, – deyə xəbərdə bildirilir.