Son yeniləmə: 29 Sentyabr 2023 14:05
BAYRAQDAR MEDİA – Ukrayna Mədəniyyət Fondunun dəstəyi ilə Krım tatar keramika ustası Rüstəm Skibinin hazırladığı “Qalxan” (Qalqan) layihəsi paytaxt Kiyevdə təqdim edilib.
Kirim Haber Ajansının məlumatına görə, layihənin tanıtım tədbiri Litvanın Kiyevdəki səfirliyində olub: “Tədbirdə Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı nümayəndəsi Tamila Taseva, Litvanın Kiyevdəki səfiri Valdemaras Sarapinas, Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov, Krım tatar aktyoru və rejissoru Ahtem Setablayev və bir çox digər şəxslər iştirak ediblər”.
Məlumata əsasən, əsərlər yenidən doğulmanın, ədalətsizliyə qarşı müqavimətin, həyatın qorunmasının və davamının simvolu kimi nəbati motivlərlə bəzədilib: “R.Skibin bildirib ki, bədii obyekt kimi geniş mənada vətənini qoruyan döyüşçünü və əsgəri təsvir edən qalxan obyekti seçilib”.
Tədbirdə çıxış edən Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı nümayəndəsi Tamila Taşeva Rusiyanın Ukraynaya qarşı hibrid müharibəsi şəraitində mədəni və tarixi irsin qorunmasının çox vacib olduğunu vurğulayıb. Bundan əlavə, Taşeva bəyan edib ki, Ukraynanın mədəni irsinin inkişafına töhfə verən Ukrayna və Krım tatar sənətçilərinə dəstək verilməlidir.