Press "Enter" to skip to content

Müzakirə: “Sülh quruculuğu prosesində medianın rolu”

Sözügedən tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Mətbuat Şurasının konfrans zalında eyni adlı tədbir Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “layihənin maliyyə dəstəkçisi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, beynəlxalq təşkilatlar münaqişə vəziyyətində olmuş cəmiyyətlər arasında sülhün yaradılması üçün istifadə edilən alətlərdən biri kimi medianın rolunu önə çəkirlər. O, deyib ki, 3 ay müddətində icra edilmiş layihə çərçivəsində medianın sülh quruculuğu prosesində iştirakını ehtiva edən beynəlxalq nəzəri fikirlər araşdırılaraq ümumiləşdiriİib”.

M.Ələsgərli qeyd edib ki, layihə çərçivəsində görülən işlərin 2-ci istiqaməti Ermənistan KİV-ləri üzərində monitorinqlərin aparılmasından ibarət olub: “Məqsədimiz Ermənistan mediasının sülh quruculuğu prosesində iştirak formasını araşdırmaqdan, onların fəaliyyətinin bu kontekstdə beynəlxalq standartlara uyğunluğunu müəyyənləşdirməkdən ibarət idi. 3 ay müddətində apardığımız fasiləsiz monitorinqlərin nəticələri göstərdi ki, Ermənistanın media ictimaiyyətinin sülhyaratma prosesində iştirakları beynəlxalq standartlara uyğun deyil. Əksinə, hətta onlar sülh prosesinin əleyhinə çalışırlar. Ermənistan mediasının fəaliyyətində sülhə yönəlik sistemli davranış görünmür. Bu ölkənin mediası öz cəmiyyətlərində qisasçılıq hissinin artırılmasında rol alır. Biz bütün bu faktları qeydə aldıq, hesabat formasında tərtib etdik və beynəlxalq media təşkilatlarına göndərdik. Həmçinin, Ermənistan mediasının qeyd edilən dövr üzrə fəaliyyətini əks etdirən məqalələr hazırlayaraq, Azərbaycanın onlayn media resurslarında yerləşdirdik. Marağı olan şəxslərin istifadəsi üçün əlçatandır”.

Mission News Theme by Compete Themes.