Press "Enter" to skip to content

Güney Azərbaycan qurumlarından fars-molla rejiminə sərt təpki

Təbriz şəhəri

BAYRAQDAR MEDİA – İran İslam Cümhuriyyəti rejiminin Azərbaycan və başqa qeyri-fars millətlərin milli fəallarına qarşı yaratdığı basqı və təzyiqlər davam edir. İrqçi İran İslam Cümhuriyyəti rejimi keçən 45 ildə müxalif siyasi fəallara qarşı əlindən gələn təzyiqləri əsirgəməmiş, onları ağır işgəncələrə məruz qoyaraq, uzun müddətli həbs cəzası vermişdir.

Bu sözlər Güney Azərbaycanı təmsil edən siyasi qurumların ortaq Bildirisindəndir. BAYRAQDAR MEDİA-ya daxil olan Bildiridə daha sonra deyilir:

Son zamanlarda türk milli fəallara qarşı olan basqılar şiddətlə davam edib, bir çox siyasi fəalımız tutuqlanmışdır. İran rejiminin Peyman İbrahimi, Davud Şiri, Kərim İsmayılzadə, Murtuza Nurməhəmmədi, Əli Babayi, Araz İbrahimnejad, Məmmədrza Müvəhhid, Cavad Sudbər, Hüseyn Azadi, Əmirhüseyn Aqayi, Mehrdad Qadiri və başqalarını qeyri-qanuni şəkildə tutuqlaması bir daha göstərmişdir ki, bu ölkədə türk olmaq və Azərbaycanı sevmək suç sayılır.

Nə yazıq ki, dünya ictimaiyyatı və uluslararası insan haqlarını müdafiə edən qurumlar da milli fəallarımızın ağır durumu haqqında laqeyd qalmağı seçmişlər.

İranda Pəhləvi rejiminin iqtidara gətirilməsi ilə ölkədə qurulan istemarçı (müstəmləkəçi) sistem, nə yazıq ki, İslam Cümhuriyyəti rejimi dövründə də daha şiddətli şəkildə davam edir, Güney Azərbaycan və digər qeyri-fars millətlər bir əsrdir ki, amansızca müxtəlif təzyiqlərə və zülmlərə məruz qalmaqdadır.

Ancaq bu ağır basqılara rəğmən Güney Azərbaycan Milli Hərəkatı hər zamandan artıq güclüdür. İran rejimi çox yaxşı bilir ki, heç bir təzyiq bizim qəhrəman milli fəallarımızın iradəsini sarsıda bilməz.

Biz Güney Azərbaycan siyasi təşkilatları milli fəallara verilən işgəncələr, ağır həbs cəzaları və qeyri-qanuni tutuqlamaları şiddətlə qınayıb, tutsaq milli fəalların qeydsiz-şərtsiz azadlığını istəyirik. Azərbaycan milli fəallarına qarşı insan haqlarına zidd olan və qanunsuz şəkildə verilən sözdə məhkəmə qərarları dərhal ləğv edilməli, bu milli fəallarımızı işgəncə edib tutsaq saxlayanlar da cəzalandırılmalıdır.

Azadlıq! Ədalət! Milli hökumət! Yaşasın Azərbaycan!

Bildirini Azərbaycan Mərkəz Partisi (AMP), Azərbaycan Mili Dirəniş Təşkilati (Dirəniş), Azərbaycan Öyrənci Hərəkatı (AZOH) və Güney Azərbaycan Demokrat Partisi (GADP) imzalayıb.

Mission News Theme by Compete Themes.