Press "Enter" to skip to content

Separatçıların başqa yolu yox idi

Emin Həsənli

Emin Həsənli: Görünür, onlar heç olmasa bircə dəfə ağıllı addım atmaqda özlərində casərət tapıblar

BAYRAQDAR MEDİA – “27 sentyabr nəinki müasir Azərbaycan tarixinə, ümumilikdə tariximizə ən əlamətdar günlərdən biri kimi yazılıb. Çünki bu tarixdə başlanan Vətən müharibəsi xalqımızın iki yüz illik məğlubiyyətlər və torpaq itirmək seriyasına son qoydu. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Ermənistanın təxribatlarına son qoymaq və düşmənə layiqli zərbə vurmaq üçün hərəkətə keçdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

O, qeyd edib ki, məhz 27 sentyabrda başlanan və 44 gün davam edən müharibə torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələndi: “Bu tarixi qələbə Azərbaycan dövlətinin və ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün dünyanın aparıcı siyasi və hərbi mərkəzləri Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə nümayiş etdirilən diplomatik və hərbi uğurları öyrənirlər. Məhz bu tarixi qələbədən sonra düşmən təslimçilik aktı imzaladı”.

E.Həsənlinin sözlərinə görə, Vətən müharibəsində əldə etdiyimiz qələbə sonrakı uğurlarımızın da əsasını qoydu: “Bildiyiniz kimi, Ermənistan 10 noyabr üçtərəfli Bəyanatının şərtlərini yerinə yetirmədi. Öz silahı qüvvələrini Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindən çıxarmadı. Bu azmış kimi, təxribatlarını da davam etdirdi. Bunun cavabı olaraq Azərbaycanın bu il sentyabrda həyata keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılar və bölgədəki Ermənistan silahlı qüvvələri ölümcül zərbə aldı. Bu gün artıq ərazidəki separatçılar zərərsizləşdirilib, silahlar təhvil alınır. Eyni zamanda, Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törədənlər həbs edilir. Bu gün isə qondarma rejimin özünü buraxdığı haqqında xəbər yayılıb. Əslində, separatçıların başqa yolu da yox idi. Görünür, onlar heç olmasa bircə dəfə ağıllı addım atmaqda özlərində casərət tapıblar. Bir sözlə, bütün bu baş verənlər Azərbaycan dövlətinin qüdrətinin, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin nəticəsidir”.

Müsahibimiz sonda, “bizə bu günləri bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzulayırıq. Onlar qəhrəmandırlar. Himnimizdə də deyildiyi kimi, hüququndan keçər əsgər, hərə bir qəhrəman oldu. Biz xoşbəxt xalqıq ki, belə qəhrəman oğul və qızlarımız var” deyib.

Mission News Theme by Compete Themes.