Press "Enter" to skip to content

Rəsmi Tehranın reallıqla barışmaqdan başqa çarəsi yoxdur

Məcid Cavadi

Son yeniləmə: 28 Sentyabr 2023 15:49

Məcid Cavadi: İranın Azərbaycan və Güney Qafqaz siyasəti tamamilə iflasa uğrayıb

BAYRAQDAR MEDİA – “İranın Azərbaycan və Güney Qafqaz siyasəti tamamilə iflasa uğrayıb. Bunun da günahkarı elə rəsmi Tehranın özüdür”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

O, qeyd edib ki, İranın uzun illər işğalçı Ermənistana dəstək verməsi, sonda bu acınacaqlı durumun yaranmasına gətirib çıxardı: “Uzun illər işğalçı Ermənistana ən yaxın müttəfiqi kimi yanaşan İran bu ölkəyə hərtərəfli və bütün sahələrdə dəstək verib. Bu dəstək xüsusilə birinci və ikinci Qarabağ savaşında özünü daha qabarıq göstərib. Bu azmış kimi, İranın fars-molla rejiminin təmsilçiləri ara-sıra Azərbaycanın əleyhinə hədələr, hədyanlar da səsləndiriblər”.

M.Cavadinin sözlərinə görə, İran İkinci Qarabağ müharibəsindən sonra da ermənipərəst siyasətindən əl çəkmədi: “Hətta Zəngəzur dəhlizi ilə bağlı həddini aşan bəyanat və fikirlər səsləndirildi. Lakin bütün bunlar, İran üçün, necə deyərlər, bumeranq effekti verib. Bu gün məğlub – İranın müttəfiqi Ermənistan acınacaqlı durumdadır. Azərbaycan torpaqlarını işğaldan azad edib və Qarabağ üzərində də bütün suveren hüquqlarını bərpa edib. Eyni zamanda, İranın az qala bir qlobal problem kimi təqdim etməyə cəhd göstərdiyi Zəngəzur dəhlizi məsələsi də getdikcə öz həllinə yaxınlaşır. Türkiyə və Azərbaycanın qətiyyətli, düşünülmüş addımları sayəsində tezliklə bu məsələ də öz həllini tapacaq. Belə məlumatlar gəzir ki, artıq Rusiya da İrana bu məsələdə ciddi şəkildə təzyiq edir. Yəni Rusiya da İranın Zəngəzurla bağlı yersiz inadından əl çəkməsini istəyir və müdafiə naziri Sergey Şoyqunun Tehrana səfəri də bununla bağlıdır”.

Müsahibimiz bildirib ki, hazırda çıxılmaz vəziyyətdə qalan İran rejimi indi də Güney Azərbaycanın batı bölgəsində “terror oyununu” ortaya atır: “Son günlər İran bu bölgədə terror qrupları və mafiya dəstələrini ortaya çıxararaq, guya Azərbaycana və Türkiyəyə qarşı hansısa təzyiq edə biləcəyini düşünür. Lakin bu cəhdlər də uğursuz olacaq. Bir sözlə, yuxarıda qeyd etdiyim kimi, İranın Azərbaycan və Güney Qafqaz siyasəti tamamilə iflasa uğrayıb. Rəsmi Tehranın reallıqla barışmaqdan başqa çarəsi yoxdur”.

Mission News Theme by Compete Themes.