BAYRAQDAR MEDİA – Qardaş Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın oğlu Necmettin Bilal Erdoğan Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Bu haqda sözügedən İnstitutun yaydığı xəbərdə qeyd olunur.
Xəbərdə deyilir ki, “qonaqla İnstitut kollektivinin görüşü təşkil olunub. Görüşdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Qarabağ və Çanakkale şəhidlərinin ruhlarına Dəyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Fatih Okumuş tərəfindən Quran tilavəti təqdim olunub. Açılış nitqi ilə çıxış edən Aİİ rektoru, Dos. Aqil Şirinov B.Erdoğanı İnstitutda görməkdən məmnun olduğunu bildirib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Rektor Türkiyə-Azərbaycan qardaşlığının tarixin bütün dövrlərində əbədi olduğunu diqqətə çatdırıb. A.Şirinov Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi zamanında da qardaş Türkiyə xalqına və dövlətinə göstərdikləri mənəvi dəstəyə görə dərin minnətdarlığını bildirib”.
Daha sonra xəbərdə, “B.Erdoğan Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açıkın moderatorluğu ilə tələbələrin suallarını cavablandırıb. İctimai elmlərin və xüsusən də ilahiyyat elminin əhəmiyyətinə diqqət çəkən qonaq qeyd edib ki, müasir dünyanın mənəvi problemlərinin həlli sahəsində səylə çalışacaq ziyalılara, ilahiyyatçılara, mütəfəkkirlərə, cəmiyyətin önündə gedən insanlara ehtiyac var. O, XXI əsrdə islami elmlərdə dərin araşdırma aparacaq ziyalıların yetişdirilməsinin zəruri olduğunu vurğulayıb” deyə bildirilir.
B.Erdoğan Aİİ-nin tələbələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, onlar Azərbaycanın uğurlu gələcəyi naminə səylə çalışmalı, savadlı, gənc mütəxəssislər kimi formalaşmalıdırlar.