BAYRAQDAR MEDİA – Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 25-26 sentyabr tarixlərində Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirak edib.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “səfər çərçivəsində Qədər Dövlətinin Mədəniyyət Nazirliyində bu ölkənin mədəniyyət naziri Şeyx Əbdürrəhman bin Həməd ət-Tani ilə görüş keçirilib. Nümayəndə heyətini salamlayan Şeyx Əbdülrəhman bin Həməd əl-Tani iki ölkə arasında mədəni əlaqələrdən söz açıb, münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, mədəniyyət və informasiya sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur”.
Sonra xəbərdə deyilir ki, “qətərli nazir Azərbaycanda olduğunu, Azərbaycanın mədəniyyətini, insanlarını, mətbəxini sevdiyini bildirib. O, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin, eləcə də muzey sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Nazir Adil Kərimli çıxışında səmimi qəbula, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib”.
Qeyd edilib ki, dövlət başçılarının dostluq münasibətləri, digər sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişafına zəmin yaradıb.
Görüşdə Qətərin mədəniyyət naziri bu ilin noyabrında Bakıda keçiriləcək beynəlxalq kitab sərgisinə və 2024-cü ildə Bakıda təşkil olunacaq VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna da dəvət edilib.
Bu il Qətərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığı və tədbirin təqviminin və proqramının dəqiqləşdirilməsi üzərində iş aparıldığı diqqətə çatdırılıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.