BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
Öncə vətən uğrunda qəhrəmanlıq göstərmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra tədbirdə MEK-in baş direktoru, Prof. Məmməd Əliyev II Qarabağ müharibəsindən söz açaraq müharibədə qəhrəmanlıq nümayiş etdirən Azərbaycan oğulları haqda danışıb. Professor 27 sentyabrın Azərbaycan tarixində mühüm yeri olduğunu deyib. Bildirib ki, məhz həmin gün və II Qarabağ müharibəsi Azərbaycanın hərb tarixində xüsusi səhifə açıb. O eləcə də 44 günlük müharibə zamanı Prezident İlham Əliyevin xalqa etdiyi müraciətləri, Prezident-xalq-Ordu birliyi haqda da danışıb. Həmçinin professor 44 günlük müharibədə Azərbaycanın qələbəsinin ölkə başçısının uzaqgörənliyi, müdrikliyi sayəsində qazanıldığını vurğulayıb. Bundan əlavə, baş direktor 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurlu antiterror tədbirlərindən və Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüşdən bəhs edib. Çıxışının sonunda M.Əliyev bütün şəhidlərə rəhmət diləyib.
Daha sonra MEK-in Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva 27 sentyabrın Azərbaycan tarixinin şanlı, şərəfli səhifəsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu tarixlə Azərbaycan qürurunu xilas etmiş oldu. Politoloq Azərbaycanın 44 günlük müharibəni çətin şəraitdə, həm də təkcə ermənilərlə yox, onların havadarları ilə də apardığını vurğulayıb. O, həm də müharibəyə qədərki dövrdən də məlumat verərək bu zaman ərzində olan görüşlərdən, sülh masası arxasında keçirilən danışıqlardan bəhs edib.
Sonda qeyd olunub ki, xalq Azərbaycan Ordusunun bu rəşadətini heç zaman unutmamalıdır.