Press "Enter" to skip to content

ABŞ dövlət katibi yenə də narahatdır…

İlham Əliyev və Entoni Blinken

BAYRAQDAR MEDİA – Sentyabrın 26-da ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Bildirilir ki, “söhbət zamanı, erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb”.

O da qeyd edilir ki, dövlət başçısı “24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırıb”.

“Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyi ABŞ tərəfinə bildirilib. Son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb.

“Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələrinin və BMT-nin Rezident Əlaqələndirici Ofisi nümayəndəsinin toplanmış silah və hərbi texnikaya baxış keçirdiyi qeyd olunub.

“Prezident İlham Əliyev Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparıldığını vurğulayıb.

“Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub.

“Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb”, – deyə xəbərdə bildirilir.

Sonda qeyd edilir ki, ABŞ dövlət katibi “yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirib”.

Mission News Theme by Compete Themes.