Son yeniləmə: 27 Sentyabr 2023 15:14
BAYRAQDAR MEDİA – Qazaxıstan və Qırğızıstan biznes nümayəndələri Taraz şəhərində başa çatan birinci regionlararası əməkdaşlıq forumunda 65 milyon dollar dəyərində saziş və müqavilələr imzalayıblar.
Bulak.kg xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “forumun iki gününün yekunu olaraq, quş əti, tibbi və qənnadı məmulatları, kompleks mikrogübrələr, ammofos, natrium siyanid, əhəngdaşı və şist tədarükünü, yüngül sənaye və bank sektorunda təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutan ümumilikdə 65 milyon dollara yaxın bir sıra kommersiya sənədləri imzalanıb. Qazaxıstanın Baş naziri Əlixan Smailov forumda çıxış edərək ölkələr arasında səmərəli investisiya əməkdaşlığının qurulduğunu vurğulayıb.
Qeyd edilib ki, 2005-ci ildən Qazaxıstan şirkətləri Qırğızıstan iqtisadiyyatına təxminən 1,3 milyard dollar sərmayə qoyub: “Təkcə 2022-ci ildə təxminən 200 milyon dollar sərmayə qoyulub ki, bu da əvvəlki dövrlə müqayisədə 2,5 dəfə çoxdur”.
Əlixan Smailovun sözlərinə görə, Qazaxıstanda 3,5 min birgə müəssisə uğurla fəaliyyət göstərir və ötən ildən onların sıralarına 200-ə yaxın yeni şirkət qoşulub: “Şübhəsiz ki, investisiya əməkdaşlığımızın imkanları daha genişdir və biz birgə layihələrin gələcəkdə həyata keçirilməsində maraqlıyıq”.
Bildirilir ki, forumun yekunlarına əsasən Çimkent və Oş şəhərlərinin, həmçinin Aktobe və Cəlal-Abad vilayətlərinin rəhbərləri qardaşlaşmış şəhər əlaqələrinin yaradılmasına dair memorandumlar imzalayıblar.