Press "Enter" to skip to content

16 ildə çoxsaylı uğurlar qazanılıb

Müsahibə zamanı

Prof. Dr. Mehmet Gavgalı: Dinamik, elmi olaraq xüsusilə fərqlənən bir təhsil proqramımız var

BAYRAQDAR MEDİA – “Bura həm daha çox azərbaycanlı gəncin bizi seçməsi, həm də ikitərəfli əlaqələri genişləndirmək üçün gəldik. Bakıda bir sıra universitet rəhbərləri ilə məhsuldar görüşlər keçirdik. Gələcəkdə elmi araşdırmalar istiqamətində geniş müzakirələr apardıq. Görüşlər çərçivəsində müəllim və tələbə heyəti mübadiləsinə dair protokollar imzaladıq. Bundan sonra istər Erasmus, istər Mövlana, istərsə də Orhon porqramı çərçivəsində mübadilə həyata keçirəcəyik”.

Prof. Dr. Mehmet Gavgalı: 6 universitet rəhbəri ilə məhsuldar görüşlər keçirdik

Bunu bu yaxınlarda Bakıda səfərdə olan qardaş Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin rektoru Prof. Dr. Mehmet Gavgalı BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib.

16 yaşlı ali təhsil ocağı

Beləliklə, “bu universiteti seçənlər hansı imkanlar əldə edir” sualını cavablandıran rektor öncə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi haqqında qısa məlumat verib: “Qeyd edim ki, adını türkcəni ilk dəfə rəsmi dövlət dili elan edən Karamanoğlu Mehmetbeydən alan Karamanoğlu Mehmetbey Üniversiteti (KMÜ), 29 may 2007-ci ildə qurulmuşdur. Lakin bundan öncəki tariximizlə bağlı da bir şeylər söyləmək istəyirəm. Məlumat üçün bildirim ki, 1987-ci ildə şəhərimizdə Karaman Peşə Məktəbinin yaradılması ilə universitetimizin ilk təməlləri qoyulmuşdur. 1987-1997-ci illər arasında Selçuk Universitetinə bağlı üç fakültə, iki kollec və üç peşə məktəbində ali təhsil fəaliyyətləri həyata keçirilmişdir. Yuxarıda vurğuladığım kimi, universitetimiz 5662 saylı qanuna əsasən, 29 may 2007-ci ildə mövcud akademik vahidləri ilə Selçuk Universitetindən ayrılaraq Karamanoğlu Mehmetbey Universitetinin nəzdində ali təhsil fəaliyyətini həyata keçirməyə başlamışdır”.

Rəhbərlik etdiyi universitetin 22 min tələbəsi olduğunu vurğulayan rektor deyib:“KMÜ 16 illik fəaliyyət dövründə çoxsaylı uğurlar qazanıb. Hazırda 11 fakültəsi olan universitet bu il ilk dəfə olaraq tibb fakültəsindən məzunları yola salıb. Universitetimiz xüsusilə sosial və idman obyektləri, laboratoriyaları və beynəlxalq standartlara uyğun konfrans salonları ilə türk dili, qida və enerji sahələrinə əhəmiyyətli töhfələr verməyi hədəfləyir. Bundan əlavə, Balkan və Orta Doğu ölkələri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirərək bölgə xalqının sevimli və üstünlük verdiyi ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyib”.

Hər bir universitetin özünə uyğun təhsil sistemi var

Bütün bunları sadalamaqla yanaşı, müsahibimiz vurğulayıb ki, onlar tələbələrə təkcə diplom verməklə kifayətlənmir, tələbələrin gələcəkdə öz sahələrinin peşakar mütəxəssisi olması üçün də davamlı addımlar atırlar:“Azərbaycanlı bir gənc niyə bizim univeristeti seçməlidir, deyə, soruşsanız aşağıdakıları deyə bilərəm. Hər bir universitetin özünə uyğun təhsil sistemi var. Bizim də gənc, dinamik, elmi olaraq xüsusilə fərqlənən bir təhsil proqramımız var. Beynəlxalq təhsil sistemi ilə yaxından tanış olan, beynəlxalq təhsil sistemindən qidalanmış bir çox müəllimimiz var. Müəllimlərimizin bir çoxu Qərb ölkələrindəki ali təhsil müəssisələrində yetişib, gəliblər. Oradan əldə etdikləri bilikləri hazırda tələbələrimizə çatdırırlar. Eyni zamanda, biz təkcə tələbələrin universitet diplomu almalarına deyil, eyni zamanda öz sahələrində peşakar olmalarına da üstünlük veririk”.

Prof. Dr. Mehmet Gavgalı: Hazırda 300-dək azərbaycanlı tələbəmiz var

Qeyd edilib ki, beləliklə, Azərbaycandan gənclər bizim univeristeti seçərlərsə həm qardaşlarının məmləkətində olacaqlar, həm də keyfiyyətli ali təhsil alacaqlar. Çünki biz təkcə diplom verməklə kifayətlənmir, o diploma uyğun peşəkar bir mütəxəssis yetişdirlməsinə üstünlük veririk”.

Tarixi türk yurdu, Türkiyənin 70-ci vilayəti

Rektor deyib ki, bu universiteti seçən gənclər həm də kökü türklüyə söykənən tarixi bir yurd ilə tanış olmaq imkanı da əldə etmiş olurlar: “Karaman qədim bir şəhərdir. Şəhərimizin yaranma tarixi dəqiq bilinməsə də, aparılan arxeoloji qazıntılar nəticəsində onun mühüm yaşayış məskəni, ticarət və mədəniyyət mərkəzi olduğunu göstərən sənədlər tapılıb. Karaman və ətrafının eramızdan əvvəl 8000-ci illərdə məskunlaşdığı aşkar edilmişdir. Tarixi məlumatlara görə, Hetlər dövründə hərbi və ticarət mərkəzi olan vilayət daha sonra Frigiyalıların və Lidiyalıların hakimiyyəti altına girmiş, eramızdan əvvəl 322-ci ildə yunan kralları Perdikkos və Filippos tərəfindən işğal edilərək talan edilmişdir”.

Qeyd edilib ki, Anadolu Selçuklu Dövlətinin zəifləməsi və dağılmasından sonra Karamanoğulları müstəqilliklərini elan edərək Karamanoğlu Dövlətini qurublar. Karamanoğulları Oğuzların Salur tayfasına mənsubdur. Şəhər klassik dövrlərdə Larende adı ilə tanınırdı. 1256-cı ildə Karamanoğulları dövlətinin paytaxtı olan Larende, Cümhuriyyət elan edildikdən sonra Konya vilayətinin tərkibində Karaman adlandırılıb. Karaman 15 iyun 1989-cu ildə Türkiyənin 70-ci vilayəti olub.

Müsahibimiz bildirib ki, “Karamandan bəhs edərkən bir məqamı xüsusi olaraq vurğulamalıyq. Söhbət Karamanoğlu Mehmet bəydən gedir. Çünki məhz o, 1277-ci il mayın 13-də nəşr etdirdiyi və türk milliyyətçiliyi tarixinə qızıl hərflərlə yazılmış fərmanı ilə türkcənin qələbəsini təmin etdi”.

Bu məsələnin həlli üçün uzun zaman lazımdır

Karamanın coğrafi baxımdan hansı üstünlüklərə malik olmasına gəlincə qeyd edilib ki, Karamana getmək çox əlverişli və rahatdır: “Ankaradan cəmi 2 saat yarımlıq vaxtda qatarla Karamana gedə bilərsiniz. Zəlzələ problem yoxdur. Çünki biz aktiv fay xətti üzərində yerləşmirik. Türkiyənin ən risksiz bölgəsiyik. Həm dağlıq, həm də düzənliyimiz var. Əsas məqamlaran biri odur ki, Karaman kənd təsərrüfatı regionudur. Dənli bitkilər var. Beləliklə, bütün bu sadalanaların fonunda hər kəsi Karamana dəvət edirik. Xüsusilədə azərbaycanlı gənclərə üzümüzü tutub deyirik ki, buyurun həm keyfiyyətli ali təhsil alın, həm də gözəl, tarixi bir türk yurdunu görmək, burada qalmaq imkanı əldə edin”.

Azərbaycanlılar müsbət mənada fərqlənirlər

“Azərbaycanlı tələbələrin təhsili sizi qane edirmi” sualına isə müsahibimiz aşağıdakı cavabı verib: “Bəli. Hazırda 300-dək azərbaycanlı tələbəmiz var. Eyni dildə danişdığımız üçün dərsləri asanlıqla və yaxşı oxuyurlar. Türkcə gözəl danışır və anlayırlar. Ümumiyyətlə, bizdə 30-dan çox xarici ölkədən gənclər təhsil alır. Onlar içərisində azərbaycanlılar müsbət mənada fərqlənirlər. Dərslərə məsuliyyətlə yanaşırlar. Müəllimlərimiz də onlardan çox məmnundurlar”.

Müsahibədən sonra xatirə fotosu
Müsahibədən sonra xatirə fotosu
Mission News Theme by Compete Themes.