Press "Enter" to skip to content

Özbəkistandakı tədbirlərdə Azərbaycan nümayəndələrinin iştirakı

Azərbaycan guşəsi

BAYRAQDAR MEDİA – Qardaş Özbəkistanın Mədəniyyət Nazirliyi, Fərqanə vilayət hakimliyi və “Hunarmand” (Sənətkar) Assosiasiyasının birgə layihəsi ilə bu ölkənin Kokand şəhərində II Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalı, Riştan şəhərində isə Beynəlxalq Dulusçuluq Forumu keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirlərdə dünyanın 70 ölkəsindən gələn dulusçular, sənətşünaslar, ekspertlər, saxsı sahəsinin usta və şagirdləri, tədqiqatçılar, dünyanın müxtəlif ölkələrindən gələn biznes sahəsinin nümayəndələri iştirak edib. Azərbaycanı bu tədbirlərdə Özbəkistandakı Heydər Əliyev adına AMM təmsil edib. Təşkil edilmiş sərgidə hər ölkənin ayrıca guşəsi yaradılıb. Azərbaycana ayrılmış stenddə dəri rəssamlarının miniatür və qurama ustalarının əl işlərini nümayiş etdirilib. Guşədə AMM-nin kitab və suvenirlərdən ibarət sərgisi də göstərilib. Stenddə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatına dair nəşrlər, habelə Azərbaycanın təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən buraxılan kitablar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, Azərbaycan dövlətçiliyinə dair kitablarla da sərgilənib”.

Daha sonra xəbərdə, “açılış mərasimində çıxış edən Prezident Administrasiyasının Sosial İnkişaf Departamentinin rəhbəri Odil Abdurahmanov Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrik məktubunu oxuyub. O qeyd edib ki, son illər Özbəkistanda 100-dən çox festival və forum keçirilib, II İkinci Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalı isə incəsənətin, dostluğun və istedadın inkişafına xidmət edir” deyə bildirilir.

Festivalın ikinci günü Böyük İpək Yolunun üzərində olan qədim Riştan şəhərində dünyada tanınan məşhur dulusçu Əlişir Nəzirovun böyük emalatxanasında keçirilən sərgi və “XXI əsrdə dulusçuluq sənəti: ənənə və müasirlik” adlı konfransda da Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

Festival çərçivəsində yerli və xarici dulusçuların, dizaynerlərin, kulinarların, kukla ustalarının iştirakı ilə usta dərsləri də keçirilib. Xarici və yerli ustalar, dizaynerlər və iqtisadçıların iştirakı ilə “Dulusçuluq və bazar iqtisadiyyatı” adlı dəyirmi masa da keçirilib.

Mission News Theme by Compete Themes.