BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı aktrisası Eleonora Mustafayeva Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyi ilə əlaqədar qardaş Özbəkistanın Fərqanə vilayətində keçirilən XXIV Türk Dünyası Opera Günlərində iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “aktrisa Özbəkistan Dövlət Filarmoniyasının milli simfonik orkestrinin müşayiəti altında (dirijor Əlibəy Kabdurahmanov) “Azərbaycan elləri” (Fikrər Əmirov) mahnısını, eləcə də dünya klassiklərinin əsərlərini ifa edib. Opera Günlərində Azərbaycanı təmsil edən yeganə iştirakçı – Eleonora xanımla yanaşı, Türk dünyasının opera ulduzları Venera Alpysbayeva (Qazaxıstan), Nematillo Zikrullayev (Qazaxıstan), Ataxan Aybek Uulu (Qırğızıstan), Şirin Mamatova (Özbəkistan), Rövşən Bayramov (Türkmənistan), Ayşə Beril El (Türkiyə), Həvva Özdəmirağ (Türkiyə), Damyrak Monquşun (Tuva R.F.) da çıxışları maraqla qarşılanıb”.
Tədbirdə fəal iştiraklarına görə vokalçılara TÜRKSOY-un diplomları təqdim olunub.