Press "Enter" to skip to content

Bu, köç yolunda ekoturizmin inkişafına xidmət edəcək

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu

Son yeniləmə: 26 Sentyabr 2023 09:35

Dövlət Turizm Agentliyi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib

BAYRAQDAR MEDİA – 25-26 sentyabrda Dövlət Turizm Agentliyi ölkənin kütləvi informasiya vasitələrinin 50-yə yaxın əməkdaşının iştirakı ilə “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “mediaturun məqsədi UNESCO-nun Mədəni İrs siyahısına daxil edilən Xınalıq və Köç yolu mədəni landşaftı ilə jurnalistləri tanış etmək, bu ərazinin Ümumdünya İrsi elan edilməsinin üstünlükləri və turizm potensialına təsiri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq ibarət olub. Mediatur zamanı yeni yaradılmış “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda görüləcək işlər, kəndin ərazisində aparılan təmir və bərpa işləri ilə bağlı məlumat da açıqlanıb”.

Mediatur zamanı
Mediatur zamanı

Tədbir çərçivəsində artıq Xınalıq və Köç yolu ərazisinin təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mədəni irsi hesab olunduğu, bu ərazinin UNESCO-nun Ümumdünya İrs siyahısına salınmasının Azərbaycan mədəni irsinin dünyada tanıdılmasına kömək olacağı, həmçinin dünyanın mədəni turizm sahəsində Azərbaycanın mövqeyinin güclənməsinə xidmət göstərəcəyi qeyd edilib: “Bu mühüm hadisənin öz növbəsində ərazinin turizm potensialının reallaşdırılmasına yardım edəcəyi də vurğulanıb. Bildirilib ki, qoruq ərazisində mövcud olan zəngin mədəni turizm resursları sayəsində regional turizm bazarı üçün unikal mədəni və təbiət turizm məhsulları yaradılması mümkün olacaq. Bu da öz növbəsində köç yolunun keçdiyi kənd və qəsəbələrin ərazisində turizm sahəsində özünüməşğulluq inkişaf etməsinə səbəb olacaq”.

Qeyd olunub ki, UNESCO-nun qərarı Xınalıq sakinlərinin köçəri mədəniyyətinin tanıdılmasına, o cümlədən Köç yolu üzərindəki əsrlərlə yaşı olan maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunmasına mühüm töhfə verəcək.

Bildirilib ki, “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğunun yaradılması həm yaylaq, həm qışlaq, həm də mövsümi köç yolunda ekoturizmin inkişafına xidmət edəcək, burada kempinq, haykinq kimi turizm məhsullarını əhatə edən turizm sənayesinin inkişafına təkan verəcək: “Mediatur çərçivəsində, həmçinin qoruq ərazisində mədəni-tarixi irsimizin qorunması, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işləri ilə bağlı məlumat verilib. Həmçinin Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində Xınalıqda turistlərə qonaq evi istiqamətində xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub”.

Xınalıqda turistlərə qonaq evi istiqamətində xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub
Xınalıqda turistlərə qonaq evi istiqamətində xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub

Qeyd edək ki, sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib. Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq ərazisi Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir.

Mission News Theme by Compete Themes.