BAYRAQDAR MEDİA – Azərbaycandilli e-məzmunun yaradılması və tədrisdə tətbiqi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən hər il e-resurslar hazırlanaraq istifadəyə verilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “hazırda video.edu.az portalında ümumtəhsil və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə videodərslər, “Khan Academy” dərsləri olmaqla ümumilikdə 17 min 317 resurs mövcuddur. 2023-cü il ərzində ümumtəhsil istiqaməti üzrə 1 min 083, peşə təhsili üzrə 720 və ali təhsil üzrə 500 olmaqla ümumilikdə 2 min 300-dən çox videoməzmun yaradılıb və portalda yerləşdirilib. İlin sonunadək əlavə 3 min elektron dərsin hazırlanması nəzərdə tutulub”.
Daha sonra xəbərdə, “videodərslər ümumtəhsil pilləsi üzrə təhsil proqramına əsasən hazırlanıb. Elektron resurslar təhsilalanların müstəqil öyrənməsi, tədrisin hibrid təşkili baxımından əhəmiyyətlidir. Peşə təhsili istiqamətində hazırlanmış videodərslər isə bu müəssisələrin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları, eləcə də özəl sektor mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikuluma uyğun tərtib olunub” deyə bildirilir.
Qeyd edək ki, növbəti illərdə e-tədris resurslarının sayının 40 minə çatdırılması nəzərdə tutulub.