BAYRAQDAR MEDİA – Balkanlarda gərginlik səngimir. Bu arada bəlli olub ki, sentyabrın 24-də Kosovanın quzeyində serblərin yaşadığı Banjska kəndində baş verən qarşıdurma nəticəsində Kosova polisinin öldürülməsi geniş əks-səda doğurub.
Kirim Haber Ajansının məlumatına görə, Kosova prezidenti Vjosa Osmani Kosova polisi Afrim Bunjakunun serblər tərəfindən öldürülməsi ilə əlaqədar Konstitusiyaya əsaslanaraq ölkədə milli matəm elan edib. Bu gün tətbiq olunacaq qanun çərçivəsində dövlət protokolu bütün lazımi tədbirləri görəcək.
Xatırladaq ki, sentyabrın 24-də Kosovanın quzeyində əsasən serblərin yaşadığı Banjskada barrikadalı qrupların atəş açması nəticəsində bir Kosovo polisi ölüb, biri yaralanıb. Kosova baş naziri Albin Kurti 30 nəfərlik qrupun Kosova polisinə hücum etdiyini açıqlayıb. NATO Sülh Qüvvələrinin (KFOR) verdiyi açıqlamada, “KFOR Banjskadakı vəziyyəti yaxından izləməyə davam edir və KFOR qoşunları bu bölgədə, lazım gəldikdə cavab verməyə hazırdır” deyə bildirilib.