Qazaxlarla azərbaycanlılar qədim zamanlardan doğma və dost xalqlardır
BAYRAQDAR MEDİA – Bu bir həqiqətdir ki, xalqlar arasında mədəni-mənəvi əlaqələrdən, həmçinin, dövlət başçılarının qətiyyətindən güc alan əməkdaşlıq türk dünyasının birliyini hər keçən gün daha da gücləndirir, daha da sarsılmaz edir. Heç şübhəsiz ki, hazırda türk dünyasının sözünü deyən vahid bir qurum olaraq qətiyyətli addımlar atan Türk Dövlətləri Təşkilatı da öz gücünü məhz bu birlik və bərabərlikdən alır. Birlikdən söz aşarkən, heç şübhəsiz xalqlar və ölkələr arasında keçmişdən gələcəyə körpü salan ədəbi əlaqələrədən də bəhs etmək lazımdır.
Azərbaycanla Qazaxıstan arasında əlaqələr hər keçən gün daha da güclənir
Bu baxımdan, məmnuniyyətlə qeyd edə bilərik ki, iki qardaş ölkə olan Azərbaycanla Qazaxıstan arasında əlaqələr hər keçən gün daha da güclənir. Təbii ki, bu məsələdə xalqlarımız arasında ədəbi əlaqələrin genişlənməsi də öz sözünü deyir. Elə sentyabrın 22-də Bakıda, Azərbaycan Milli Kitabxanasında keçirilən tədbir də bu istiqamətdə atılan növbəti addım kimi dəyərləndirilə bilər.
Məlumat üçün bildirək ki, kitabxanada qazax ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, ictimai xadim Kemel Tokayevin 100 illiyinə və XX əsrin Azərbaycan ədəbiyyatının klassiki, görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş “Türk dünyası ədəbiyyatının tərlanları” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konkret detallara keçmədən öncə vurğulamağı özümə borc bilirəm ki, bu tədbir Azərbaycanla Qazaxıstan arasında, Azərbaycan xalqı ilə Qazax xalqı arasında sevgi bağlarının necə güclü olduğunu bir daha ortaya qoydu. Bu, həm də bir daha təsdiq etdi ki, qazaxlarla azərbaycanlılar qədim zamanlardan doğma və dost xalqlardır.
Beləliklə, Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində keçirilən konfransdan öncə Qazax ədəbiyyatının görkəmli yazıçısı Kemel Tokayevin və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş kitab sərgisinin açılışı olub.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, sonra Milli Kitabxananın direktoru Kərim Tahirov Qazaxıstanın və Azərbaycanın görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirak etdiyi konfransın plenar iclasını açıq elan edib.
Əsrlərə söykənən dostluq və qardaşlıq əlaqələri
Çıxışlar zamanı natiqlər K.Tokayevin və M.C.Paşayevin həyatı və yaradıcılıq fəaliyyəti haqqında məruzələrlə çıxış edərək, mədəni qarşılıqlı fəaliyyət yolu ilə türk xalqlarının bundan sonra da bir-birinə yaxınlaşmasının vacibliyi haqqında fikir mübadiləsi aparıblar.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Kemel Tokayevin “Gec açılan atəş” və Mir Calal Paşayevin “Dağların ürəyi” kitablarının təqdimat mərasiminin Milli Kitabxananın 100 illik yubileyin qeyd edilməsi ərəfəsində keçirilməsinin xüsusi önəm kəsb etdiyini söyləyib. Bunun iki ölkə üçün böyük bir hadisə olduğunu bildirən A.Kərimli, həmçinin, Qazaxıstan-Azərbaycan münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayıb. O, da xüsusi olaraq bildirilib ki, Qazaxıstanla Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Nazir, çıxışımda hər iki xalqın oxucuları üçün bu kitabların dəyərli əsərlər olacağını bildirib.
Qardaş ölkələr arasında əlaqələr möhkəmlənir
Sonra çıxış edən Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otorbayev Azərbaycan və Qazaxıstan xalqlarının ənənələrinin və mədəniyyətinin bir-birinə yaxın olduğunu qeyd edib. O, tədbirin keçirilməsi münasibətilə Qazaxıstan Prezidentinin təbrik məktubunu oxuyub.
Məktubda deyilir: “Qazaxlarla azərbaycanlılar qədim zamanlardan doğma və dost xalqlardır. Qardaş ölkələrin əlaqələrinin möhkəmlənməsi təkcə mehriban qonşuluq əlaqələrinə və Xəzər dənizi vasitəsilə iqtisadi əməkdaşlığa deyil, həm də hörmətli yazıçılarımız və görkəmli şəxsiyyətlərimiz arasında mənəvi əlaqələrə imkan yaradır”.
Bu, ədəbi əlaqələrimizin yeni səviyyəyə qalxmasının göstəricisidir
Tədbirdə çıxış edən Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev 2023-cü ilin yubileylərlə əlamətdar il olduğunu deyib: “Bu il Ümummilli Lider Heydər Əliyevin və görkəmli qazax yazıçısı Kemel Tokayevin 100 illiyi və Azərbaycan Milli Kitabxanasının yaradılmasının bir əsri tamam olur. Bu çərçivədə hər iki ölkədə silsilə tədbirlər təşkil olunur. Hazırda toplaşdığımız tədbir də bu qəbildəndir”.
İki qardaş ölkənin qarşılıqlı mədəni əlaqələrindən danışan Hafiz Paşayev konfrans çərçivəsində təqdimatı olan K.Tokayevin “Gec açılan atəş” və M.C.Paşayevin “Dağların ürəyi” kitablarının əhəmiyyətindən danışıb. Natiq qeyd edib ki. K.Tokayevin Azərbaycan dilində çap olunan “Gecə açılan atəş” və M.C.Paşayevin qazax dilində çap olunan “Dağların ürəyi” kitabları iki qardaş xalqın ədəbi əlaqələrinin yaxınlaşmasına töhfə verəcək. H.Paşayev bildirib ki, konfrans çərçivəsində türk dünyasının bədii söz ustaları sayılan hər iki görkəmli yazıçının əsərlər toplusunun təqdimatı və onların yaradıcılığına həsr olunmuş kitab-rəsm sərgilərinin təşkili ədəbi əlaqələrimizin yeni səviyyəyə qalxmasının göstəricisidir.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Qazaxıstanın hər zaman Azərbaycanın yanında olacağını diqqətə çatdırıb. Diplomat onu da vurğulayıb ki, iki ölkə prezidentlərinin etimada söykənən dialoqu sayəsində mövcud olan hərtərəfli əməkdaşlıq bu gün yeni səviyyəyə yüksəlib.
Gənc nəsillərin böyük ədəbiyyat xadimlərini oxuması iki qardaş xalqın gələcəyi üçün çox önəmlidir
Kemel Tokayevin Qazaxıstanın çox dəyərli ədəbiyyat xadimlərindən biri olduğunu deyən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, onun yaradıcılığı da çox önəmli və dərindir. Qeyd edib ki, bu iki yaradıcılığı birləşdirən önəmli amillər var – vətənpərvərlik və milli düşüncə. “Mən milli təhlükəsizliyin arxivlərində jurnalist kimi çalışanda Mir Cəlal müəllimin heç vaxt hər hansı bir ziyalı ilə bağlı mənfi düşüncəsini eşitməmişəm. O, milli düşüncə, həmçinin ədəbiyyat gücündən istifadə edərək hər zaman xalqına önəmli mesajlar çatdırıb. Bu gün biz onları yad etməklə bərabər gənc nəsillərimizə önəmli mesaj veririk və gənc nəsillərimizin belə böyük ədəbiyyat xadimlərimizi oxuması biz iki qardaş xalqın gələcəyi üçün çox önəmlidir”, – deyə bildirib.
Azərbaycan dilində çap olunan Kemel Tokayevin kitabına ön söz yazan Xalq yazçısı Çingiz Abdullayev kitabın işıq üzü görməsi münasibətilə təbrik edib və müəllifin bioqrafiyasının qeyri-adi olmasına diqqət çəkib.
Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli yazıçıların talelərinin oxşar olmasından söz açıb: “Hər ikisi erkən yaşlarında valideynlərini itiriblər və böyük qardaşlarının himayəsi altında böyüyüb, yazıçı olub, insanlıq və vətənpərvərlik kimi dəyərləri ucaldaraq cəbhəçilər haqqında yazıblar”.
Konfrans zamanı iştirakçılar K.Tokayevin və M.Paşayevin həyatı və yaradıcılığı haqqında məruzələrlə çıxış edib, mədəni qarşılıqlı fəaliyyət yolu ilə türk xalqlarının bundan sonra da bir-birinə yaxınlaşmasının vacibliyi haqqında fikir mübadiləsi aparıblar.