Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri, professor Fuad Həsənov: Cərrahi əməliyyat və intensiv terapiya prosesində baş verə biləcək pozğunluqların korreksiyasında həkim anestezioloq-reanimatoloqun üzərinə ciddi öhdəliklər düşür
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri, Prof. Fuad Həsənov anesteziya nədir və nə üçün tətbiq edilir, həyat əhəmiyyətli orqanlar və s. haqda danışıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə bildirilir ki, “F.Həsənov deyib ki, həkim-anestezioloq əməliyyat müddətində həyat əhəmiyyətli orqanların fəaliyyətində, əməliyyatın xarakterindən asılı olaraq, baş verə bilən hər hansı pozğunluqların qarşısını alır, müəyyən bir pozğunluq – əməliyyat zamanı qanitirmə, ürək fəaliyyətində olan dəyişiklik, gözlənilməyən zədələnmə və s. müşahidə edilərsə, intensiv müalicə tədbirlərini aparır”.
Professor həyat əhəmiyyətli orqanlardan da danışıb: “Əlbəttə ki, bütün orqan və sistemlər insan həyatı üçün vacibdir. Yəni, insan orqanizmində onun gündəlik normal fəaliyyəti üçün lazım olmayan orqan, toxuma, sistem yoxdur. Həyat əhəmiyyətli orqanlar dedikdə, yoxluğu və ya funksiyalarının dayanması ölümlə nəticələnən orqanlar başa düşülməlidir. Bunlara əsasən ürək, baş, ağciyərlər, qaraciyər, böyrəklər, mədəaltı vəzi aiddir. Təbabətin indiki inkişaf səviyyəsi insana bir böyrəklə yaşamağa imkan verir. Yəni, süni böyrək aparatının tətbiqi ilə aparılan hemodializ seansları, yaxud böyrək köçürmə ilə bu mümkün olur. Beləliklə, istər cərrahi əməliyyatlar zamanı, istərsə də müxtəlif xəstəliklər səbəbindən aparılan intensiv terapiya prosesində həyat əhəmiyyətli orqanların fəaliyyətinə daimi ciddi nəzarət etmək və baş verən pozğunluqların korreksiyası istiqamətində həkim anestezioloq-reanimatoloqun üzərinə ciddi öhdəliklər düşür. Bu, təbabətin çox yüksək erudisiya, bilik, diqqət və daimi fasiləsiz nəzarət tələb edən məsuliyyətli sahəsidir”.
F.Həsənov anesteziyadan sonrakı yan təsirlərdən də bəhs edib: “Son bir neçə onillikdə anesteziologiya əhəmiyyətli dərəcədə inkişaf edib və ümumi anesteziyaya baxış, onun aparılması, idarə olunması yüksək səviyyəyə çatıb. Bu proses həm yüksək texniki imkanları olan müasir narkoz tənəffüs aparatlarının, həyat əhəmiyyətli orqanların fəaliyyətinə fasiləsiz nəzarət aparmağa imkan verən cihazların (monitorların) əldə edilməsi, həm də toksiki və arzuolunmayan təhlükəli yanaşı təsiri çox az olan dərman maddələrinin (anestetiklərin) anestezioloji arsenala təqdim edilməsi ilə həyata keçirilir. Az toksiki təsiri olan preparatlar imkan verir ki, müasir anesteziologiyada qusma və digər neqativ hallar, başqa fəsadlar çox az hallarda təsadüf edilsin. Mədənin zondlanması, yəni mədəyə xüsusi boru (mədə zondu) salınaraq, onun yuyulub təmizlənməsi də bu istiqamətdə aparılan profilaktik tədbirlərdəndir. Eyni zamanda, yüksəkixtisaslı kadrların, həkim anestezioloq-reanimatoloqların yetişməsi burada olduqca mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, texniki və medikamentoz təminatında mühüm nailiyyətləri olan müasir anesteziologiya cərrahi müdaxilə zamanı aparılan anesteziyalarda xəstənin həyat riskinin xeyli azalmasına rəvac verir. Təhlükəsiz anesteziya məsələlərinin araşdırılmasına həsr olunan innovativ elmi-nəzəri və praktiki tədqiqatlar bu gün də davam etdirilir”.