BAYRAQDAR MEDİA – Sentyabrın 22-də Milli Azərbaycan Tarixi Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə şəhid ailələri, qazilər və muzey əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Dos. Fərhad Cabbarov qonaqları salamlayaraq, Azərbaycan xalqının qürur qaynağı olan Vətən müharibəsindən danışıb, tədbir iştirakçılarına tarixi zəfərdən, torpaqların azad edilməsində xüsusi xidmətləri olmuş şəhid və qazilərin göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb. F.Cabbarov çıxışında şəhid və qazilərin şəxsi əşyalarının muzeyin Vətən müharibəsi fondunda qorunduğunu, Azərbaycanın tarixi qələbəsini əks etdirən bu materialların öyrənilməsi və təbliği istiqamətində bir sıra işlərin görüldüyünü xüsusi vurğulayıb”.
Sonra muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı şəhid ailə üzvlərini və qaziləri salamlayaraq, xalqın daima onlara borclu və minnətdar olduğunu bildirib. Akademik Azərbaycanın bu şanlı tarixinin əbədiləşdirilməsi istiqamətində muzeyin gördüyü işlərdən danışıb.
Ardınca Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş hərbçilərin ailə üzvləri – şəhid baş gizir, Vətən müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova, şəhid baş leytenant Mahmud Məlikovun atası Təhmasib Məlikov, şəhid polkovnik leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədova, şəhid kapitan Samir Mikayıllının əmisi oğlu Ülfət Sultanov, qazi Pərvin Şahməmmədov tədbirdə çıxış edərək müharibə zamanı onların keçdikləri döyüş yolları, qazanılan möhtəşəm Zəfər haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Daha sonra qonaqlar muzeyin Vətən müharibəsi fondunda qorunan şəhid və qazilərin şəxsi əşyaları ilə yaxından tanış olublar və əşyaların qorunmasında xüsusi xidmətlərinə görə muzeyin rəhbərliyinə və əməkdaşlarına təşəkkür ediblər.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotosu çəkilib.