BAYRAQDAR MEDİA – Sentyabrın 22-də Nyu Yorkda ABŞ Dövlət katibi Entoni Blinken qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bununla bağlı ABŞ Dövlət Departamentinin yaydığı xəbərdə deyilir ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə edilib. Tərəflər iqtisadi və qarşılıqlı münasibətlər yönündə yüksəlişin önəmini qeyd edib.
İsveçin NATO-ya üzvlüyü məsələsində Türkiyənin mövqeyi də müzakirə edilib. Eyni zamanda E.Blinken qardaş ölkəyə Qara dəniz taxıl təşəbbüsünə görə təşəkkür edib.
Görüşlə bağlı yayılan xəbərdə bir maraqlı ayrıntı da var ki, onun üzərindən elə-belə keçə bilmərik: ABŞ Dövlət katibi qardaş Türkiyədən Qarabağdakı məsələlərin həllində yardımçı olmağını istəyib.
Elə əsas məsələ də budur. Artıq dünyanın bir nömrəli super gücü olan ABŞ da Azərbaycanla bağlı məsələlərdə hər şeydən öncə kiminlə danışacağını düzgün müəyyən edib. Yəni hansısa üçüncü tərəflər vasitəsilə Azərbaycana basqıların heç bir nəticə vermədiyini görən ABŞ nəhayət ki, ən düzgün olanı edir: Azərbaycanla bir millət – iki dövlət olan qardaş Türkiyənin həlledici rolunu nəzərə alır.
Qeyd edək ki, istər Azərbaycanın, istərsə də Türkiyənin bu səviyyəyə gəlib çatması və dünyanın hesablaşdığı dövlətlərə çevrilməsi heç də asan başa gəlməyib. On illərdir ki, hər iki dövlət beynəlxalq platformalarda çiyin-çiyinə verərək haqq işimizi müdafiə edir. Bugünkü durumumuz artıq könül açan nəticədir.
Burada hər iki dövlətimizin yüksəldiyi zirvənin əldə edilməsində heç şübhəsiz ki, dövlət rəhbərlərimiz – Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın misilsiz rolu xüsusi vurğulanmalıdır.