Vüqar Bayramov: Bu, türk dövlətlərinin iqtisadiyyatının inkişafı və yeni imkanların əldə edilməsi baxımından yeni bir yanaşmadır
BAYRAQDAR MEDİA -“Turan Xüsusi İqtisadi Zonası, eləcə də Turan yolu türk dövlətlərinin əməkdaşlığını özündə ehtiva edən bir ideyadır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Məlumat üçün bildirək ki, ötən həftə İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadiyyat və ticarət üzrə məsul nazirlərinin 12-ci görüşü, həmçinin, Türk Dövlətləri Təşkilatının (TDT) İqtisadi Əməkdaşlıq üzrə İşçi Qrupunun 14-cü Toplantısı keçirilib. Toplantı çərçivəsində bir sıra önəmli məsələlər müzakirə edilib.
Türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması, TDT-nin Ticarətin Asanlaşdırılması Komitəsinin 2023-2024-cü illər üçün Fəaliyyət Planının yekunlaşdırılması, TDT-ə üzv ölkələr arasında “Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi” layihəsinin qəbulu, “Türk Ticarət Evləri” layihəsinin həyata keçirilməsi, Turan Xüsusi İqtisadi Zonasının – TURANSEZ-in yaradılmasına dair konseptual sənədin təsdiqi və gələcək birgə fəaliyyətə dair digər məsələlər müzakirə edilib.
Əksər eksperlərin də qeyd etdikləri kimi, bu, addım türk birliyinin daha da güclənməsinə, iqtisadi və ticarət baxımından Turan yolunun yaranmasına təkan verəcək.
Öz növbəsində V.Bayramov bildirib ki, bu gün türk dövlətləri TDT çərçivəsində kifayət qədər səmərəli əməkdaşlıq qurublar: “Əslində, bu, əməkdaşlıq imkan yaradır ki, Turan yolu, yaxud Turan iqtisadi birliyi vasitəsilə daha çox məhsul istehsalı, birgə investisiya qoyuluşları, eyni zamanda, digər bazarlara çıxış imkanları əldə olunsun. Ona görə də bu, kifayət qədər vacib addımdır. Bu, türk dövlətlərinin iqtisadiyyatının inkişafı və yeni imkanların əldə edilməsi baxımından yeni bir yanaşmadır. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsi və daha da sistemləşdirilməsi çox vacibdir”.
Deputat bildirib ki, Azərbaycan türk dövlətləri ilə əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olan ölkədir: “Cənab Prezidentin Orta Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı da ondan xəbər verir ki, bu regionun ölkələrinin Azərbaycana inamı və etimadı kifayət qədər yüksəkdir. Eyni zamanda, Azərbaycan da Orta Asiya, eləcə də türk dövlətləri ilə strateji əməkdaşlığın dərinləşməsində maraqlıdır. Ona görə də TURANSEZ-in yaradılması bir tərəfdən türk dövlətlərinin daha da yaxınlaşmasına, eyni zamanda onların iqtisadi inkişafına xüsusi töhfə verəcək”.