BAYRAQDAR MEDİA – 2023-cü ilin 5-12 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçən 488 namizəddən 456-sı imtahanda iştirak edib, onlardan 246 nəfər tələb olunan keçid balını toplayıb, 147 nəfərin uyğun hesab edildikləri vəzifələrə təyinatları ilə bağlı qərar qəbul edilib. 99 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilib.
Sonra xəbərdə bildirilir ki, “müsabiqənin müsahibə mərhələsinin nəticəsindən narazı olan namizədlər şikayətlərinə baxılması məqsədilə 25 sentyabr 2023-cü il saat 17:00-dək apellyasiya@culture.gov.az e-poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər. Müsahibənin nəticələri ilə onlayn tanış olmaq mümkündür”.
Qeyd edək ki, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər iddia etdikləri müvafiq vəzifələrə təyin olunmaları məqsədilə sentyabrın 30-dək uyğun hesab edildikləri məktəblərə yaxınlaşaraq qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək namizədin müvafiq vəzifəyə yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.