Press "Enter" to skip to content

Gənc Tamaşaçılar Teatrı festivala yollanır

Zemfira Əbdülsəmədova

BAYRAQDAR MEDİA – Sentyabrın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı qardaş Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Beynəlxalq Teatr festivalına yola düşəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrdan daxil olub.

Xəbərdə deyilir ki, “”ART – ORDO 2023″ IX teatr festivalı Xalq artisti Baken Kıdekeyevanın 100 illiyinə həsr olunub. 30 sentyabra qədər davam edəcək festivalda GTT “İnanıram” adlı monotamaşa ilə çıxış edəcək. Ülviyyə Heydərovanın qələmə aldığı eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edir”.

Sonra xəbərdə “tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür” deyə bildirilir.

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərə və onların analarına həsr olunub.

Mission News Theme by Compete Themes.