Press "Enter" to skip to content

Əhməd Zakayevdən Azərbaycanla bağlı açıqlama

Əhməd Zakayev

“Azərbaycan xalqı inanılmaz əzmkarlıq, mərdlik və öz tarixi köklərinə sədaqət nümunəsi göstərib”

BAYRAQDAR MEDİA – Mühacirətdə olan İçkeriya Çeçen Respublikasının baş naziri Əhməd Zakayev Azərbaycanın Qarabağda konstitusiya quruluşunun bərpası üçün həyata keçirdiyi antiterror tədbiri ilə bağlı açıqlama verib.

Kirim Haber Ajansının məlumatına görə, o, əldə edilən uğur münasibətilə Azərbaycan xalqını təbrik edib: “Bu, tarixi Azərbaycan torpaqlarının öz yerli sakinlərinə, övladlarına qaytarılmasıdır. Azərbaycan xalqı inanılmaz əzmkarlıq, mərdlik və öz tarixi köklərinə sədaqət nümunəsi göstərmişdir. Son on ildə yaşanan bütün maneələrə, çətinliklərə və münaqişələrə baxmayaraq, tarixi ədalət yenidən bərqərar oldu”.

Qeyd edilib ki, Azərbaycanın keçdiyi bu uzun yol bütün dünyaya ruhun gücünü, əzmini, ədalətə inamını göstərir: “İnanırıq ki, iki dövlətin – Azərbaycan və Ermənistanın sağlam düşüncəsi və siyasi səyləri Rus-Sovet imperiyasından miras qalmış bütün kəskin münaqişələrin həlli üçün nümunə olacaq. Tarixin gedişatını dəyişdirən qərarlar heç vaxt asan olmur. Lakin onlar regionda sülh, sabitlik və bütün xalqlar üçün firavanlığı təmin etmək üçün lazımdır. İnanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin yeni mərhələsi çoxdan gözlənilən sülh sazişinin imzalanmasına zəmin yaradacaq və iki xalqın firavanlığına, sülhə və qarşılıqlı anlaşmaya xidmət edəcəkdir”.

Mission News Theme by Compete Themes.