BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Qarabağdakı lokal antiterror əməliyyatı başa çatdıqdan sonra – sentyabrın 20-də xalqa müraciəti olub.
Müraciətdə Prezident erməni silahlı birləşmələrinin törətdikləri terror aktları, antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etməsi, Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə Yevlax şəhərində keçiriləcək görüş haqqında geniş çıxış edib.
Prezidentin müraciəti ilə bağlı öz fikirlərini politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva BAYRAQDAR MEDİA ilə bölüşüb: “Yəqin ki, dünən hər kəs Prezident İlham Əliyevin çıxışını böyük sevinclə izlədi. Onu deyim ki, ölkəmiz növbəti tarixi qələbəyə imza atdı. Biz öz konstitusion hüquqlarımızın bərpası, suverenliyimizin təmin olunması, diversiya aktlarının qarşısının alınması məqsədilə lokal anti-terror tədbirləri icra etdik. Hədəfimiz yalnız və yalnız legitim hərbi obyektlər, qanunsuz erməni silahlılarının resursları idi. Mülki insanların təhlükəsizliyi tam qarantiya altına alınmışdı. Biz heç bir zaman müharibə qaydalarından kənara çıxmamışıq, insan haqqları pozuntusuna yol verməmişik. Ermənilər bizi bu tədbirlərə vadar etdi. Ermənilər üçtərəfli bəyanatın dördüncü bəndini nəinki icra etmədi, hətta təxribatların sayını artırdı. Ən son baş verən mina terroru bardağı daşıran son damla oldu. Aşkar edilən minaların 2021-ci il istehsalı olması o deməkdir ki, bizim humanitar məqsədli qarşı tərəfin istifadəsinə verdiyimiz Laçın yolundan daha da separatizmi alovlu vəziyyətdə saxlamaq üçün istifadə ediblər. Demək ki, alternativ yol olmalı, daşınan yüklərə nəzarət bizim əlimizə keçməli və ən önəmlisi, erməni icmasının təminatı Bakı tərəfindən təchiz edilməlidir. Bu yolda başlıca əngəl hələ də orada qanunsuz silahlı tör-töküntülərin olmasıdır. Biz bütün bunların qarşısını aldıq. Biz beynəlxalq hüququ bölgədə təmin etdik. Dünyada separatizmə qarşı mübarizənin getdiyi vaxtda biz presedent yaratdıq. Biz həm də göstərdik ki, beynəlxalq qurumlar işləkliyini itirib. Biz dünyaya göstərdik ki, hüquq güclü olmalıdır, güclü hüquq deyil. Biz tarixi ədaləti bərpa etdik. Əsrlərdir bölgədə ssenarisi cızılan planı yerlə yeksan etdik. Türk dövlətlərinin birliyinə təkan verdik. Bütün bunları biz müzəffər Ali Baş Komandanın başçılığı, qüsursuz peşəkar diplomatiyası, rəşadətli ordumuz və güclü xalqımız hesabına bacardıq. Xalq-hakimiyyət birliyi ən başlıca amil oldu”.
Politoloq həmçinin deyib ki, Azərbaycanın haqlı olmağı və öz torpaqları uğrunda mübarizə aparmağı onun gücünə güc qatıb.