Son yeniləmə: 21 Sentyabr 2023 13:40
Vüqar Bayramov: Bu, Orta Asiya dövlətləri üçün ixracın şaxələndirilməsi, xüsusən də Türkiyə və Avropa bazarına çıxışın gücləndirilməsi baxımından xüsusi önəm kəsb edir
BAYRAQDAR MEDİA – “Orta Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü, bütövlükdə Orta Asiya, eləcə də Azərbaycan arasında iqtisadi əlaqələrin, həmçinin, ticarət dövriyyəsinin genişləndirilməsi baxımından vacib hesab olunur”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, əvvəla, Azərbaycanın Orta Asiyanın bütün ölkələri ilə strateji əməkdaşlığı daha da güclənib: “Bu, özünü ticarət dövriyyəsinin artmasında, qarşılıqlı investisya qoyuluşlarında, eləcə də beynəlxalq yükdaşımaların həcmində göstərir. Artıq Azərbaycan bir neçə Orta Asiya ölkəsi ilə birgə investiya fondlarının yaradılmasına dair razılıq əldə edib. Bununla bağlı anlaşmalar var. Bu da təbii ki, sərmayə qoyuluşlarının genişləndirilməsi baxımından çox vacibdir. Ona görə də bu toplantı bütövlükdə həm region ölkələri, eyni zamanda Orta Asiya ilə digər bölgələr arasındakı ticarət dövriyyəsinin artmasına imkan verəcək”.
Deputat bildirib ki, həm Azərbaycanla Orta Asiya dövlətləri arasında ticarət dövriyyəsinin artmasının müşahidə olunacağı, həm də bu regionun dövlətlərinin öz aralarında da ticarət dövriyyəsinin artacağı proqnozlaşdırılır: “Eyni zamanda Orta Asiya dövlətlərinin Azərbaycan üzərində ixrac imkanları genişlənəcək. Bu da təbii ki, Orta Asiya dövlətləri üçün ixracın şaxələndirilməsi, xüsusən də Türkiyə və Avropa bazarına çıxışın gücləndirilməsi baxımından xüsusi önəm kəsb edir”.