Press "Enter" to skip to content

İlham Əliyev: Ermənilərlə müzakirələr Azərbaycanın daxili işidir

Şarl Mişel və İlham Əliyev

BAYRAQDAR MEDİA – Sentyabrın 20-də Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı regiondakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Şarl Mişel regionda baş vermiş hadisələrdən narahatlığını ifadə edib.

Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

“Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin dünən [sentyabrın 19-da] terror aktları törətdiklərini, nəticədə polis əməkdaşlarının və mülki şəxslərin həlak olduğunu bildirib, buna cavab olaraq Azərbaycanın lokal xarakterli antiterror tədbirləri görməli olduğunu qeyd edib”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “Dövlətimizin başçısı bu gün [sentyabrın 20-də] antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının və tərk-silah edilməsinin, Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək. Dövlətimizin başçısı bildirib ki, bunu Azərbaycan öz daxili işləri kontekstində həyata keçirir”.

O da bildirilir ki, “Azərbaycan Prezidenti regional sülh gündəliyinin dəstəklənməsinin əhəmiyyətinə toxunub, birtərəfli addımların atılmasının tamamilə əks effekt yarada biləcəyini deyib. Dövlətimizin başçısı vurğulayıb ki, əldə edilmiş nəticələr Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların da irəli aparılmasına müsbət təsir göstərəcək”.

Xəbərdə deyilir ki, Ş.Mişel antiterror tədbirlərinin dayandırılmasını müsbət hal kimi qiymətləndirib, atəşkəs rejiminin təmin olunacağına ümidini ifadə edib. O, həmçinin Yevlaxda keçiriləcək görüşü də müsbət dəyərləndirib.

Mission News Theme by Compete Themes.