Son yeniləmə: 21 Sentyabr 2023 11:50
BAYRAQDAR MEDİA – 19-20 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Qazaxıstanın Almatı və Astana, Rusiyanın Yekaterinburq, Moskva və Sankt-Peterburq şəhərlərində silsilə təbliğat tədbirləri keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, “tədbirlərin təşkilində məqsəd Qazaxıstanda və Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələrini Azərbaycanda qış mövsümündə təklif edilən turizm məhsulları haqqında məlumatlandırmaq, həmçinin Azərbaycanın turizm sənayesi nümayəndələri ilə bu ölkələrin turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatında görüşlərin təşkil edilməsidir. Silsilə tədbirlərdə Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, gəlmə turizmi üzrə ixtisaslaşmış yerli turizm şirkətləri, Bakıda və regionlarda fəaliyyət göstərən hotellər və müalicəvi kurortlar təmsil olunublar”.
Məlumata əsasən, Qazaxıstanın turizm sənayesi təmsilçiləri ilə görüşlər zamanı Azərbaycana səfər edən qazaxıstanlı turistlərin kateqoriyasında dəyişikliyin qeydə alındığı bildirilib: “Belə ki, bundan əvvəl Azərbaycanın müalicəvi kurortlarına daha çox maraq müşahidə edilirdisə, son zamanlar Azərbaycan, xüsusilə Bakı şəhəri Qazaxıstanda gənclər arasında populyar destinasiyalardan birinə çevrilib. Qazaxıstanın Almatı, Astana, Aktau, Aktobe şəhərlərindən Bakıya birbaşa uçuşların olmasının qarşılıqlı turist səfərlərinə töhfə verdiyi qeyd olunub”.