BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun Qarabağda lokal antiterror əməliyyatının uğurla başa çatdırması münasibətilə sentyabrın 21-də AMEA Mərkəzi Elmi Kitabxanasında dəyirmi masa keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “Dəyirmi masa MEK-in baş direktoru, Prof. Məmməd Əliyevin və əməkdaşların iştirakı ilə olub. Öncə baş direktor aparılan antiterror tədbirlərin uğurla həyata keçirilməsi münasibətilə əməkdaşları təbrik edib. Qarabağda qalmış separatçı qüvvələrin və silahlı hərbi birləşmələrin törətdiyi təxribatlardan danışan baş direktor antiterror əməliyyatı nəticəsində qələbənin yeni mərhələyə çatdığını vurğulayıb. Azərbaycan Ordusunun bu əməliyyatlarda öz peşəkarlığı ilə yanaşı, həm də mədəniyyətinin bütün dünyaya örnək olduğunu bildirib. Professor çıxışı zamanı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, ordu quruculuğundan da danışıb”.
Daha sonra MEK-in Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva çıxış edib. Azərbaycanın suveren konstitusion hüquqlarını bərpa etməsinin tarixi, strateji əhəmiyyətini vurğulayan politoloq bu hadisənin tarixin səhifələrinə yazılan növbəti qələbə olduğunu qeyd edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanın başçılığı altında aparılan separatizmə qarşı mübarizə yalnız Azərbaycanın məsələsi deyil, qlobal uğurdur. Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan yalnız öz suveren hüquqlarını deyil, həm də beynəlxalq hüququn prinsiplərini təmin edib, öz gücü ilə beynəlxalq konvensiyaların icrasına nail olub.