Sentyabrın 21-də Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək
BAYRAQDAR MEDİA – Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, razılığa əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Bu arada o da bəlli olub ki, Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.