Son yeniləmə: 20 Sentyabr 2023 12:42
Güney Azərbaycan Milli Dövlətçilik Şurası Qarabağda antiterror əməliyyatlarının başlanması ilə bağlı bəyanat qəbul edib
BAYRAQDAR MEDİA – “Azərbaycanımızın da yerləşdiyi coğrafiyada uzun illərdir sürən erməni işğalçılığı və İran-erməni terror fəaliyyətlərinin nəticələri hər kəsə məlumdur. Məhz bu işğalçılıq və terror fəaliyyətlərinin nəticəsində on minlərlə insan həyatını itirmiş, yüz minlərlə insan öz doğma yurdunu tərk edərək uzun illər qaçqın həyatını yaşamaq məcburiyyətində qalmış, onlarla şəhər, minlərlə kənd talanaraq yerlə yeksan edilmişdir. Bütün bunlarla yanaşı, İran-erməni terror ortaqlarının bölgədə sürdürdüyü əminamansızlıq və terror ortamı bölgənin sosial iqtisadi inkişafına da ciddi mənfi təsir buraxmışdır”.
Bu fikirlər Güney Azərbaycan Milli Dövlətçilik Şurasının Azərbaycanın Qarabağ bölgəsində antiterror əməliyyatlarının başlanması ilə bağlı qəbul etdiyi bəyanatda öz əksini tapıb.
Qurumdan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, bəyanatda daha sonra deyilir: “2020-ci ildə güclü Azərbaycan ordusunun böyük ölçüdə işğala son qoyması və üçtərəfli sazişin imzalanması bölgəyə sülh, əminamanlıq və barışın gələcəyinə dair inamı artırsa da, Ermənistan tərəfinin üçtərəfli müqavilənin şərtlərinə uymaması, İran-erməni terror ortaqlarının sürekli gərginliyi artıracaq fəaliyyətlərdə bulunması, Qarabağ ermənilərini silahlandıraraq onları terror fəaliyyətlərinə yönləndirməsi bir daha göstərdi ki, bölgədə qalıcı barışın təmin olunması yalnız və yalnız terror qaynaqlarının qurudulması və himayədarlarının zərərsizləşdirilməsi ilə mümükündür. Bu baxımdan, qəhrəman Azərbaycan ordusunun terror qaynaqlarını qurutmağa yönəlik başlatdığı antiterror əməliyyatlarının bölgəmizdə qalıcı barış və sülhün gətirilməsinə töhfə verəcəyinə dair inancımız tamdır. Güney Azərbaycan Milli Dövlətçilik Şurası olaraq, Azərbaycan ordusunun antiterror əməliyyatlarını dəstəkləyir və dövlətimizin yanında olduğumuzu bəyan edirik”.