BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Musiqi Günü münasibətilə “Bəşər mədəniyyətinin incisi – Azərbaycan musiqisi” adlı tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirdə AMM-nin direktoru Samir Abbasov qonaqları salamlayaraq, Milli Musiqi Gününün Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanın dahi bəstəkari, ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə təsis edildiyini bildirib”.
Sonra xəbərdə bildirilir ki, “çıxış edənlər Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Prof. Erkin Nuriddinov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinin dosenti Davron Kadirov özbək və Azərbaycan xalqları arasında dostluq əlaqələrindən danışıblar. Qeyd olunub ki, Azərbaycan musiqisi sərhədləri aşaraq dünyada tanınıb, sevilərək daim ifa olunur. Özbəkistanda da Azərbaycan milli musiqisinin məşhur olduğunu deyən natiqlər qeyd ediblər ki, qardaş ölkədə elə bir şənlik olmaz ki, orada Azərbaycan musiqisi səslənməsin”.
Həmçinin tədbirdə fəxrlə qeyd olunub ki, 30 ildən sonra tanınmış qarabağlı, dünya şöhrətli bəstəkar Ü.Hacıbəyovun vətəni, Azərbaycan musiqisinin beşiyi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa Ermənistan işğalçılarından azad olunub.
Tədbirdə AMM-nin nəzdindəki Kaykəb Əliyeva adına “Şuşa” rəqs ansamblı “Uzundərə“ milli rəqsini, müğənnilər Rəna Əzizova, Davron Kadırov, Sevinc Ruzmetova, Nilufar Kuşokova, Fatima Safoyeva Azərbaycan və özbək dilində mahnılar, azərbaycanlı saz ustası İlham Abdullayev saz havalarını, yeniyetmə pianoçu Əli Abbaslı isə Dədə Qorqud dastanından əsər fortepianoda ifa edib.