BAYRAQDAR MEDİA – Sentyabrın 15-17 tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mərkəzi və Şərqi Avropa dövlətlərinin Vikimediya konfransı (“Wikimedia CEE Meeting 2023” #WMCEE) keçirilib.
Konfransa Azərbaycan, Albaniya, Estoniya, Gürcüstan, Makedoniya, Litva, Latviya, Çexiya, Monteneqro, Polşa, Serbiya, Türkiyə, Xorvatiya, Ukrayna, Sloveniya, Rumıniya, Ermənistandan və digər ölkələrdən 160 nəfər vikipediya istifadəçi və inzibatçılar qatılıb. Konfransda müxtəlif ölkələrin vikipediyaçıları öz ölkələrindəki Vikipediya problemləri, Vikipediyanın inkişafı, yeni istifadəçilərin Vikimediyanın digər qollarına cəlb edilməsi və s. məruzələr ilə çıxış ediblər.
Konfransdan sonra Azərbaycana dönən Azərbaycan Vikipediya istifadəçiləri qrupunun nümayəndəsi, eləcə də AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli konfrans haqda təəssüraflarını BAYRAQDAR MEDİA-ya ilə bölüşdü: “Öncə onu deyim ki, konfrans çox yüksək səviyyədə təşkil olunmuşdu. Konfransın açılışından sonra ayrı-ayrı zallarda müxtəlif ölkələrinin vikipediyaçılarının məruzələri oldu. Mən özüm Türkiyə, Özbəkistan, Rusiya, Ukraynadan olan vikipediyaçıların məzurələrini dinlədim, özüm üçün qeydlər apardım, həm də moldoviyalı analitikə Azərbaycan Vikipediyasının bu günü və gələcəyi ilə müsahibə verdim. Eləcə də müxtəlif ölkələrin vikipediyaçıları ilə tanışlıqlar və gələcəkdə bu yöndə bir yerdə fəaliyyət barədə danışdıq. Xüsusilə İsrail Viki cəmiyyətinin və “CEE hub”ın üzvü Asəf Bartovun Vikidata və Vikimediyanın digər qollarında fəaliyyət ilə bağlı məruziləri daha çox diqqətimi çəkdi. Ümumən belə bir böyük konfransda iştirak mənə çox böyük təcrübə qazandırdı. Bütün təşkilatçılara təşəkkür edirəm”.
Qeyd edək ki, 2012-ci ildən başlayaraq illik hesabat kimi keçirilən sözügedən konfrans Mərkəzi və Şərqi Avropa ölkələrində Vikimedia layihələri üzərində qurulub.