Qazaxıstanın Azərbaycandakı səfiri Füzulidə Yaradıcılıq Mərkəzinin tikintisini həyata keçirən “BI Group” şirkətinin kollektivi ilə görüşüb
BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanın Azərbaycandakı səfirliyində Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi ilə məşğul olan “BI Group” şirkətinin kollektivi ilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 19-da səfirlikdən məlumat verilib.
Bildirilib ki, “görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, BI Group-un Beynəlxalq Layihələr Departamentinin direktoru Arman Lesbekov, layihə rəhbəri Daulet Janabilov, diplomatlar və BI Group komandasının üzvləri iştirak ediblər. Səfir BI Group əməkdaşlarına Qazaxıstanın inkişafındakı xidmətlərinə və vicdanlı əməyinə görə müvafiq nazirliyin fəxri fərmanlarını və təşəkkürnamələrini təqdim edib”.
Məlumata əsasən, “görüş zamanı A.Bayel Yaradıcılıq Mərkəzinin tikintisində komandanın işinin peşəkarlığını, keyfiyyətini və səmərəliliyini yüksək qiymətləndirib. Mərkəzin tikintisi Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin tapşırığı ilə həyata keçirilir. Qazaxıstan dövlət başçısı bununla bağlı tapşırığı ötən il Azərbaycana səfəri zamanı vermişdi. A.Bayel Qazaxıstan dövlət başçısının tapşırıqlarının icrasında əldə olunan uğurlardan məmnunluğunu bildirib”.
Görüşdə qeyd olunub ki, təməli 2023-cü ilin martında qoyulan tikintinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır: “Öz növbəsində Arman Lesbekov bu mühüm layihənin işində səfirlik tərəfindən göstərilən hərtərəfli dəstəyə görə minnətdarlığını bildirib və tikintinin gedişindən danışıb. Vurğulanıb ki, layihəyə əsasən, Mərkəzin ümumi sahəsi 2700 kvadratmetr olacaq və 1,5 hektar ərazidə yerləşəcək. Burada şagirdlərin vokal, musiqi, rəssamlıq, xalçaçılıq, heykəltəraşlıq, zərgərlik, robototexnika, qrafik dizayn kimi sahələrdə inkişafı üçün lazımi şərait yaradılacaq”.
Görüşün sonunda A.Bayel kollektivə işlərində uğurlar arzulayıb, Kurmanqazı adına Yaradıcılıq Mərkəzinin Qazaxıstanla Azərbaycan arasında qardaşlığın, dostluğun və qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini əminliyini ifadə edib.