Son yeniləmə: 19 Sentyabr 2023 12:38
Vüqar İskəndərov: Hər bir kəs həddindən artıq məsuliyyətli olsa, üç il əvvəl olduğu kimi bu dəfə də bu bəlanın öhdəsindən uğurla gələ bilərik
BAYRAQDAR MEDİA – “Üç il öncə dünyanı bürüyən yeni növ koronavirus (COVID-19) infeksiyası Azərbaycandan da yan keçmədi. Lakin Azərbaycanda infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində dövlət tərəfindən həyata keçirilən sistemli tədbirlər öz bəhrəsini verdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, “həmin vaxt Azərbaycanda aparılan səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi sayəsində COVİD-19-la mübarizədə müsbət nəticələr əldə edildi. Lakin bu bir həqiqətdir ki, son zamanlar bu virusun yeni ştamları – Eg.5 ERİS, BA.2.86 və s. dünyada sürətlə yayılmağa başlayıb. Bu amil isə bizdən daha ehtiyatlı olmağı tələb edir”.
V.İskəndərovun sözlərinə görə, ÜST-nın son məlumatı da bəşəriyyət üçün yeni həyəcan siqnalı kimi dəyərləndirilə bilər: “Həmin məlumata əsasən, son ay dünya üzrə COVID-19-a və bu infeskiyanın yeni şatmlarına yoluxanların sayı 38 faiz artıb. Avropada yoluxmada artım 39 faiz, Sakit okeanın batısında 52 faiz, Aralıq dənizinin doğusunda isə 113 faiz təşkil edir. Xüsusilə də ABŞ, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Eyni zamanda, digər ölkələrdə də statistika bizi düşünməyə vadar edir”.
Deputat onu da qeyd edib ki, qarşıdan payız-qış mövsümünün gəldiyini nəzərə alaraq, vətəndaşlarımız daha da ehtiyatlı olmalıdırlar: “Nəzərə alınmalıdır ki, payız-qış mövsümü, həmçinin digər xəstəliklərin fəallaşdığı dövrdür. COVİD-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir. Buna görə də hazırkı dövrdə ən başlıca vəzifə koronavirusun və onun yeni ştamlarının yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Bir sözlə, hazırda COVİD-19-un yeni ştamlarının dünyada sürətlə yayıldığını nəzərə alsaq, bundan Azərbaycanın yan keçə bilməyəcəyini deyə bilərik. Təbii ki, bundan öncə olduğu kimi, hazırda da dövlət üzərnə düşən işləri layiqincə görür və bundan sonra da görəcək. Sadəcə olaraq, sadə vətəndaşlar da bu prosesdən kənarda qalmamalıdır. Hər bir kəs həddindən artıq məsuliyyətli olsa, üç il əvvəl olduğu kimi bui dəfə də bu bəlanın öhdəsindən uğurla gələ bilərik”.