Son yeniləmə: 19 Sentyabr 2023 11:11
Emin Həsənli: Azərbaycan vaxt itirmədən Qarabağda antiterror əməliyyatları keçirməli və Qazaxdan tutmuş Naxçıvana qədər Ermənistanla bütün sərhəd boyu bufer zona yaradılmalıdır
BAYRAQDAR MEDİA – “Uzun illər davam edən işğal dövründə Ermənistan heç zaman götürdüyü öhdəlikləri yerinə yetirməyib. Hər zaman sülh sazişinin imzalanması yaxın olanda Ermənistanda hakimiyyət dəyişikliyi olub, yaxud da nələrsə baş verib. Düşünmək olardı ki, 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən sonra bunlar nəhayət ağıllanacaqlar. Lakin təəssüflər olsun ki, ağıllanmadılar”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, Ermənistan 2020-ci il 10 noyabr razılaşmasına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “Həm 10 noyabrda, həm də ondan sonra götürülən öhdəliklər bu ölkə tərəfindən yerinə yetirilmir. Əvəzində isə Ermənistan tərəfindən silsilə təxribatlar törədilir. Vəziyyət bilərəkdən daha da gərginləşdirilir. Bizi burada maraqlandıran bir məsələ var. Bu münaqişəyə birdəfəlik son qoyulmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh sazişi imzalanmalıdır. Qarabağdakı separatçılar rədd olub getməlidir. Oradakı Azərbaycan vətəndaşı olan ermənilər Azərbaycan qanunlarına tabe olmalıdır. Tabe olmayanlar isə çıxıb Ermənistana getməlidir. Bunun başqa yolu yoxdur”.
E.Həsənli deyib ki, bu məsələ daha da uzana bilməz: “Xalqımız Ermənistana inanmır. Böyük əksəriyyət “dəmir yumruğun” yenidən Ermənistanın başına dəyməsini, Qarabağda antiterror əməliyyatlarının keçirilməsini istəyir. Mən hesab edirəm ki, məsələnin həllinin iki yolu var. Ya Ermənistan Azərbaycanın haqlı tələblərini qəbul edib, beynəlxalq hüquq normalarını yerinə yetirməlidir. Ya da Azərbaycan vaxt itirmədən Qarabağda antiterror əməliyyatları keçirməli və Qazaxdan tutmuş Naxçıvana qədər Ermənistanla bütün sərhəd boyu bufer zona yaradılmalıdır. Bu bufer zona isə tarixi Azərbaycan torpaqları olan və vaxtı ilə Ermənistana verilən Qərbi Azərbaycan torpaqlarında yaradılmalıdır”.