Son yeniləmə: 19 Sentyabr 2023 10:43
BAYRAQDAR MEDİA – Koreya Respublikasının Seul şəhərində “İdarəetmədə innovasiyalar və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün potensialın gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib. Tədbir Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Astana Dövlət Qulluğu Mərkəzinin, Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin və Milli İnformasiya Cəmiyyəti Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 19-da “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi ölkəmizdə dövlət sektorunda ağıllı həllərin yaradılması və qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı layihənin sonrakı mərhələsində dövlət xidmətlərində dizayn düşüncəsinin tətbiqinə dair təcrübə mübadiləsinə dair çıxış edib. Eyni zamanda “ASAN xidmət” brendinin intellektual məhsul kimi digər ölkələrə ixrac edildiyini qeyd edib, qlobal texnoloji trendlərin tətbiqi ilə bağlı uğurlu təcrübələri iştirakçıların diqqətinə çatdırıb”.
Məlumata görə, Azərbaycan ilə yanaşı səkkiz ölkədən 30-dan çox nümayəndənin iştirak etdiyi tədbir çərçivəsində Seul şəhərinin Ağıllı Şəhər İdarəetmə Mərkəzinə və İnçeon şəhərinin Azad İqtisadi Zonasına tanışlıq ziyarəti təşkil edilib.