Press "Enter" to skip to content

“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısında

Tədbir zamanı

Son yeniləmə: 18 Sentyabr 2023 13:01

BAYRAQDAR MEDİA – Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya ərazisi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu haqda qərar 2023-cü ilin 18 sentyabr tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında qəbul edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 18-də Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan nominasiyaya əsasən Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir. UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. Əks etdirdiyi ümumbəşəri dəyərlər nəzərə alınmaqla, unikallığı ilə seçilən bu zəngin irs “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya sənədi 2021-ci ildə Ümumdünya İrs Komitəsinə təqdim edilib”.

Məlumata əsasən, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev nominasiya sənədini dəstəkləyən hər kəsə təşəkkürünü bildirib, bu sənəddəki köç yolunun nümunəvi tarixi-iqtisadi model kimi təkcə Azərbaycanın deyil, bütün dünya irsinin nadir nümunələrindən olduğunu qeyd edib: “Fuad Nağıyev ölkəmizin maddi və qeyri-maddi irsinin qorunub saxlanması sahəsinə göstərilən daimi diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edərək məhz bu dəstək sayəsində Xınalıq və Köç yolu ənənələrinin Ümumdünya İrs Ərazisinə salınmasının mümkün olduğunu bildirib”.

Məlumatda o da qeyd edilib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İrs Ərazisi 6 inzibati rayonun ərazisindən keçən ümumilikdə 44829,41 hektar (45 min hektara yaxın) İrs Ərazisindən və müvafiq olaraq 109392,78 hektar (109 min hektardan çox) Bufer Zonadan ibarət olan böyük bir mədəni landşaftı əhatə edir: “Dünya İrs siyahısına salınmış ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var. İlk dəfə olaraq tamamilə milli ekspertlər tərəfindən hazırlanan “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya Dünya İrsinin 3-cü (iii) və 5-ci (v) meyarları ilə qeydə alınıb. 3-cü meyar Xınalıq icmasının tarixən köçəri heyvandarlıqla məşğul olduğu vertikal köçəri mədəniyyətinin, 5-ci meyar isə insan-təbiət əlaqələrinin tarazlığı, çətin iqlim şəraitində eko-sosial münasibətlər sisteminin inkişafı və təbiət resurslarından dayanıqlı istifadənin müstəsna nümunəsi kimi təqdim olunub. Qeyd edək ki, Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada məsuliyyətli turizmin inkişaf etdirilməsi məqsədilə 4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Beləliklə, “Xınalıq və Köç yolu” Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən dördüncü mədəni irs ərazisi oldu. Bundan əvvəl Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi də Ümumdünya İrs siyahısına daxil edilib. Qeyd edək ki, bir gün öncə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Hirkan meşələri Azərbaycanın ilk təbiət irsi ərazisi olaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”.

Mission News Theme by Compete Themes.