Son yeniləmə: 18 Sentyabr 2023 11:08
Hulusi Kılıç: Dördlü format regiona göz dikən, belə deyək ki, tamah salan bəzi xarici güclərin qaranlıq planlarının qarşısına keçilməz sədd çəkmiş olacaq
BAYRAQDAR MEDİA – “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün cəhdlər davam edir. Düzdür, Ermənistanın bəzi xarici güclərin təsiri və təşviqi ilə törətdiyi silsilə təxribatlar ucbatından bu məsələdə yekun nəticə əldə etmək hələ ki, mümkün olmur. Lakin həm Ermənistan, həm də onun xarici havadarları bilməlidirlər ki, sülh sazişinin imzalanması ilk növbədə elə Ermənistanın özü üçün müsbət nəticə verəcək. Çünki yeritdiyi siyasət ucbatından Ermənistan bir dövlət kimi iflas həddindədir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
O, qeyd edib ki, Ermənistan bu gün ona daha da acınacaqlı durum vəd edən xarici ölkələrin qızışdırıcılıq siyasətindən əl çəkməli, Azərbaycan tərəfindən ona uzanan sülh əlini tutmalıdır.
H.Kılıçın sözlərinə görə, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın bu günlərdə səsləndirdiyi təkilfə də bu prizmadan yanaşmaq lazımdır.
Xatırladaq ki, R.T.Erdoğan Türkiyə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif edib. O, BMT Baş Assambleyasının iclasına getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, regionla bağlı vəziyyəti bu regiondan uzaq olan dövlət və hökumət başçılarının deyil, regionda olanların müzakirə etməsi vacibdir: “Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq. Hələ bizə bu təkliflə bağlı münasibət bildirilməyib. Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağıq. Vəziyyəti yaxında izləyəcəyik”.
Keçmiş səfir deyib ki, Türkiyə ümumiyyətlə, hər zaman regiona əbədi sülhün gəlməsi, həmçinin, regionun iqtisadi inkişafı üçün səylər göstərib: “Bu məqsədlə davamlı addımlar atılır. Təbii ki, biz hər zaman qardaş Azərbaycanın haqlı maraqlarını əsas tuturuq. Elə 44 günlük müharibə zamanı da Türkiyə ilk andan sona qədər qardaş Azərbaycanın yanında oldu. Eyni zamanda, müharibədən sonra Türkiyə və Azərbaycan regiona əbədi sülhün gəlməsi və Güney Qafqazın inkişafı üçün təkliflərlə çıxış ediblər. Düzdür, yuxarıda vurğuladığımız kimi, xarici havadarlarının təhrikinə uyan Ermənistan hələ ki, bu təkliflərə müsbət cavab vermir. Amma, onların başqa yolu yoxdur. Nə qədər gec deyil, ağıllı olsunlar və təklifləri müsbət dəyərləndirsinlər”.
H.Kılıçın sözlərinə görə, bu təklifin heç də təsaüdfən səsləndiyi qənaətində deyil: “Mən bu məqamda bir müddət öncə Söçidə keçirilən Erdoğan-Putin görüşünü yada salmaq istəyirəm. Bilindiyi kimi, o görüşdə region və dünyanı maraqlalndıran bir sıra məsələlər müzakirə edilib. Təbii ki, Güney Qafqazın gələcəyi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsi bu sırada ilk sıralarda dayanıb. Ehtimal etmək olar ki, sayın Erdoğanın dördlü formatda görüşün keçirilməsi təklifi barədə də orada ilkin bir fikir alış-verişi edilib”.
Müsahibimiz qeyd edib ki, bu təklifin reallaşmasına Rusiya da müsbət yanaşa bilər: “Çünki hazırda ABŞ Rusiyanı Ermənistandan çıxarmaq üçün bütün gücünü səfərbər edib. Belə bir vəziyyətdə dördlü format təklifi Rusiyanın da maraqlarına cavab verəcək. O baxımdan ki, dördlü format regiona göz dikən və belə deyək ki, tamah salan bəzi xarici güclərin qaranlıq planlarının qarşısına keçilməz sədd çəkmiş olacaq”.