Press "Enter" to skip to content

Psixoloqdan valideynlərə məsləhətlər

Leyla Hacıyeva

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Leyla Hacıyeva: Uşaqlar unutmamalıdırlar ki, dərslərdə aldıqları qiymətlər valideynlərin onlara qarşı münasibətini dəyişmir

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Leyla Hacıyeva uşaqların məktəbə adaptasiya dönəmi haqda danışıb, eləcə də valideynlərə məsləhətlər verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “L.Hacıyeva öncə uşaqların məktəbə adaptasiya dönəminin rahat keçirtməsi üçün valideynlərin nələrə diqqət yetirməli olduqları haqda danışıb: “Uşaqlar məktəbə uyğunlaşma (adaptasiya) dövründə həyatlarının yeni mərhələsinə qədəm qoyduqları üçün fərqli təəssürat yaşayırlar. Onların qarşılaşdıqları yeni mühit, sinif yoldaşları, dərs otağı, yeni qaydalar və s. əksər uşaqların müxtəlif hisslər yaşamasına səbəb ola bilər. Həmçinin, uşaqlar birmənalı olaraq tanımadıqları mühitlə qarşılaşırlar. Bu dönəmə daha rahat uyğunlaşmaq, adaptasiya müddətinin qısa olması üçün valideynlərin üzərinə müəyyən vəzifələr düşür. Əlbəttə ki, müəllimlərin də adaptasiya periodunda həssas olmaları əsas şərtdir. Onlar uşaqların yeni mühitə uyğunlaşma müddətində daha həssas və səbrlə yanaşmalı, uşaqlara məktəbi sevdirmək üçün müxtəlif əyləncəli oyunlar təşkil etməlidirlər””.

O həmçinin deyib ki, məktəbə başlamazdan öncə uşaqlarda özünəxidmət bacarıqlarının formalaşdırılması (geyinmək, soyunmaq, yemək bacarıqları və s.) olduqca vacib məsələdir.

Psixoloq valideynlərə bir neçə məsləhət də verib. Qeyd edib ki, bəzən valideynlər başqa uşaqlarla öz övladlarını müqayisə edərək, daxillərində yalnış gözləntilər formalaşdırırlar, halbuki hər uşağın özünəməxsus potensialı və bacarığı var. L.Hacıyeva vurğulayıb ki, valideynlər övladlarını başqa uşaqlarla müqayisə edən zaman onlarda aqressiya yaratmış olurlar, həmçinin bu hal uşaqlarda özgüvənin aşağı düşməsinə, başqalarını özündən yüksəkdə görməsinə səbəb olur. O, əlavə edib ki, uşaqlarda özgüvənlilik səviyyəsini yüksəltmək üçün onların hər işini valideyn üzərinə götürməməli, körpə yaşlarından etibarən uşaqlarda hər bir inkişaf dövrü üçün uyğun tələblər və vərdişlər aşılanmalıdır.

Mission News Theme by Compete Themes.