BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində teatrların regionlara təşkil olunan qastrol səfərləri davam edir. Bu çərçivədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 20-də Qusar Dövlət Ləzgi Dram Teatrında Yevgeni Şvartsın “Qırmızı papaq” nağılı əsasında hazırlanan eyniadlı əsəri ilə çıxış edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Qırmızı papaqlı qız uzaqda yaşayan nənəsinin yanına getmək istəyir. Lakin bu yollar çox təhlükəlidir. O yolda ayı, canavar, tülkü kimi heyvanlar var. Buna baxmayaraq, Qırmızı papaq yola düzəlir. O, həqiqətən yollarda və nənəsinin evinə çatanda belə çətin maneələrlə qarşılaşır. Birhissəli səhnə əsərində aktyorlar Səbinə Məmmədzadə, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Zümrüd Quliyeva, Zülfiyyə Alhüseynova, Elşən Hacıbabayev, Ədalət Əbdülsəməd, Müşfiq Əliyev iştirak edirlər”.
Qeyd edək ki, tamaşanının quruluşçu rejissoru Əməkdar İncəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam Elşən Sərxanoğlu, bəstəkar Əməkdar İncəsənət xadimi Sərdar Fərəcovdur.