Son yeniləmə: 18 Sentyabr 2023 12:10
Közhan Yazgan: İstər Bakı Atatürk Liseyinin, istərsə də TUDİFAK-in məzunlari xaricdə təhsil aldıqdan sonra öz vətənlərinə geri dönürlər
BAYRAQDAR MEDİA – “Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi olaraq hər il olduğu kimi, bu, 2023-2024-cü təhsil ilinə də böyük həyəcanla başlayırıq. Şagird sayını və təhsilin keyfiyyətini artırırıq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) başqanı, professor Közhan Yazgan deyib.
Bunlar bizə qürur və mənəvi güc verir
O, bunun nəticəsini gördüklərini vurğulayıb: “Hər il universitetlərə qəbul olan məzunlarımızın sayı daha da artır. 2022-2023-cü tədris ilinin yekununda da çox gözəl nəticələr əldə etdik. Çoxlu sayda məzunumuz Türkiyədə yüksək bal toplayaraq tələbə adını qazandı. Bu da çox önəmlidir. Bunlar bizə qürur və mənəvi güc verir”.
Bakı Atatürk Liseyi həm də bir türk ocağıdır
Bakı Atatürk Liseyinin türk dünyasının birliyinə, Türkiyə-Azərbaycan qardaşlığının güclənməsinə dəstək verən bir təhsil ocağı olaraq yaxın gələcək üçün planlarına dair suala gəlincə K.Yazgan aşağıdakıları bildirib: “Bakı Atatürk Liseyi həm də bir türk ocağıdır. Öncə onu deyim ki, zamanında rəhmətlik Turan Yazganın arzuları bu gün türk dövlətləri səviyyəsində reallaşdırılır. Bu, bizi çox qürurlandırır. Onu da bir daha xatırlatmağı özümə borc bilirəm ki, Bakı Atatürk Liseyi fəaliyyət göstərdiyi dövrdə hər zaman Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə önəmli dəstək verib. Ötən dövrdə türklük şüuru ilə yetişdirilən məzunlarımız müxtəlif ali məktəblərdə ali təhsil alaraq müxtəlif sahələrədə bacarıqlı kadrlar kimi şərəflə xidmət etməkdədirlər. Bu gün də həmin istiqamətdə fəaliyyətimiz davam edir. Eyni zamanda, yeni dönəmdə məqsədimiz təkcə Azərbaycan və Türkiyədə deyil, ümumilikdə türk dünyasında çalışacaq və xidmət edəcək bilikli gənclər yetişdirməkdir”.
Problem həllini tapdı
Xatırladaq ki, bir müddət əvvəl övladları Bakı Ataürk Liseyində təhsil alan valideynlər bir məsələyə görə ciddi narahat oldular. Belə ki, Bakı Atatürk Liseyinin adı Türkiyə dövlətinin təhsil haqqına güzəşt etdiyi dünyadakı türk məktəblərinin siyahısından çıxarıldı. Məlumat üçün bildirək ki, Türkiyə dövləti dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən bir çox türk liseylərinin məzunları üçün xüsusi güzəşt tətbiq edib. Belə ki, həmin liseylərin məzunları Türkiyənin dövlət universitetlərinə qəbul olunduqları təqdirdə təhsil haqlarıTürkiyə dövləti adına YTB (Xaricdəki Türklər və Əqraba İcmalar İdarəsi) tərəfindən ödənilir. Bakı Atatürk Liseyinin adı da üç il öncə bu siyahıya daxil edilmişdi. Lakin bu il nədənsə liseyin adı həmin siyahıdan çıxarıldı. Hazırda durumun necə olmasına gəlincə, K.Yazgan məsələnin öz həllini tapdığını bildirib: “Orada bir yanlışlıq olmuşdu. Zatən məsələnin öz həllini tapması üçün həm cənab səfir Cahit Bağcı, həm də YTB bizə önəmli dəstək verdi. Cənab səfirin son açıqlamasında da vurğulandı ki, artıq Azərbaycandan üç məktəb daimi olaraq siyahıda qalacaq. Onlardan biri də Bakı Atatürk Liseyidir. Bir sözlə, problem həllini tapdı. Hər halda düşünürük ki, bu xəta bir daha edilməz”.
“Mən “bu güzəşt bir ömür boyu davam edəcək” deyə bilmərəm”
K.Yazgan, eyni zamanda, bu məsələyə dair vacib bir məqamı da qeyd edib: “Mən bir məqamın üzərində də xüsusi olaraq dayanmaq istəyirəm. Yuxarıda bəhs olunan güzəşt hansısa mütləq öhdəlik deyil. Sadəcə olaraq bu, Türkiyə dövlətinin türk dünyasının uşaqlarına verdiyi təktərəfli bir güzəştdir. Lakin bunun daimi olacağı və s. suallara biz cavab verə bilmərik. Çünki qərar Türkiyə dövlətinindir. Nə zamansa Türkiyə dövləti “daha burs vermirəm” deyə bilər. Yəni, bu, bizim Vəqfimizin əlində olan bir şey deyildir. Buna görə də mən “bu güzəşt bir ömür boyu davam edəcək” deyə bilmərəm. Biz bunu valideynlərimizə də görüşlərdə deyirik. Sizin yaratdığınız imkandan yararlanaraq bii daha qeyd etməyi vacib sayıram”.
TUDİFAK-ın fəaliyyəti bizi məmnun edir
“Bəlli olduğu kimi, TDAV-ın Azərbaycanda ali təhsil verən bir təhsil ocağı da var. UNEC nəzdindəki Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK). Bəs, orada durum necədir? TUDİFAK da etimadı doğruldurmur” sualına cavabında isə TDAV başqanı fakültənin fəaliyyətindən mənun qaldıqlarını deyib: “TUDİFAK-ın fəaliyyəti bizi məmnun edir. Artıq bəhrəsini görürük. Bu fakültənin öz məzunları artıq TUDİFAK-da dərs deyir. Bu, bizi çox sevindirir. Çünki istər Bakı Atatürk Liseyinin, istərsə də TUDİFAK-in məzunlari xaricdə təhsil aldıqdan sonra öz vətənlərinə geri dönürlər. Bu şüuru onlara aşılıya bildiyimiz üçün nə mutlu bizə. Bu Turan Yazganın ən böyük arzusu idi”.