Press "Enter" to skip to content

YARAT-da “Mənim sol ayağım” əsərlər seriyası

Mənim sol ayağım

BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Mərkəzi Kommünike layihəsinin növbəti buraxılışında rəssam Eltac Zeynalovun “Mənim sol ayağım” əsərlər seriyası haqqında məlumat təqdim edib.

Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “rəssam ağrı ilə müşayiət olunan yuxusuz gecələrini bir fürsətə çevirməyə qərar verir. Nəticədə fotoqrafiyanı bir terapiya vasitəsi kimi istifadə edərək, ayağında gedən prosesləri – ayaqları arasında zamanla yaranan fərqləri estetik baxışla sənədləşdirib”.

Təqdim olunan videomaterialda E.Zeynalov həmin əsərlər haqqında məlumat verib: “İşlər ağ-qara fotoşəkillərdən ibarətdir. Proyekt bir neçə il ərzində çəkilib. Bütün serianı alternativ yollarla özüm çəkmişəm. Burada əsas fokslandığım mövzu mənim sol ayağımdır. Niyə sol ayağım? Çünki mənim 15 ilə yaxındır ki, aldığım zədədən, keçirdiyim xəstəlikdən sonra ayağımda bir problem yaranıb. Mən də bu vəziyyətdən çıxış yolu axtarmışam. Yolu isə fotoqrafiyada tapmışam. Çünki fotoqrafiya mənə imkan yaradırdı ki, mən çəkdiyim şəkillərdə baxım fərqi görüm. Mənim hər 5 aydan bir ayağımda hansısa bir fərq olur. Bəlkə də geriləmə olur. Bunu vizuallaşdırmağı daha çox fikirləşdirmişəm, yəni abstrakt bir şey. Yəni ki, baxanda bunu standart mənim sol ayağım kimi görməsin insanlar. Daha çox yaradıcı yanaşmışam və ortaya belə bir əsərlər seriyası çıxıb. Əslində bu seriyanı yayımlamaq və hansısa sərgidə istifadə etmək fikrim olmayıb. Ancaq 2013-cü ildə Milandan bir təklif almışam, orada bir neçə fotolardan istifadə olunub və ondan sonra bir neçə kuratorun fikirləri mənə maraqlı gəlib ki, hə, bundan sərgi etmək olar, qrup sərgisində istifadə edə bilərik. Sonra mən əsərlərin üzərində işləməyə başladım. Nəhayət, 2023-cü ildə qrup sərgisi ilə bağlı YARAT-dan mənə təklif gəldi, mən də əsərləri təqdim etdim və ortaya belə bir nəticə çıxdı”.

Qeyd edək ki, əsərlər YARAT-da “Yeddinci tənhalıq” qrup sərgisində nümayiş olunur.

Mission News Theme by Compete Themes.