Son yeniləmə: 15 Sentyabr 2023 12:34
2024-cü il üçun qrant müsabiqəsi yeni qaydalar əsasında elan ediləcək
BAYRAQDAR MEDİA – “2021-ci ildə təsis edilən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri məhz dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair QHT-lərin irəli sürdükləri təşəbbüslərin, layihələrin qiymətləndirilməsidir. Ötən 2 illik dövrdə Agentlik tərəfindən QHT layihələri ilə bağlı müxtəlif mövzular üzrə 8 qrant müsabiqəsi keçirilib. Bu müsabiqələr Agentliyin Müşahidə Şurasının tərtib etdiyi müvəqqəti qaydalar əsasında aparılıb. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalardan sonra artıq müvəqqəti qaydalar qüvvədən düşür”.
Bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibəsində deyib.
O, qeyd edib ki, bu, gözlənilən idi: “Qaydaların işlənilməsi zamanı ötən qrant müsabiqələrində əldə edilmiş təcrübə ətraflı təhlil edilərək nəzərə alınıb, şəffaflıq, obyektivlik, bərabər imkanlar prinsipləri rəhbər tutulub. Bu qaydalar QHT-lərin özlərini daha yaxşı realizə edə bilməsi üçün indiyədək olmamış şəkildə geniş imkanlar açır. Sağlam rəqabət prinsipləri əsasında davamlı inkişaf vətəndaş cəmiyyəti üçün də həyati əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, “Qaydalar müəyyən edir ki, indi olduğu kimi, 4 müsabiqə forması vardır: kiçik, orta, böyük qrant müsabiqələri və səfər qrantı müsabiqəsi. “Kiçik qrant müsabiqəsi” çərçivəsində qalib layihələrə maksimum 15 000 manat, “Orta qrant müsabiqəsi” çərçivəsində maksimum 30 000 manat, “Böyük qrant müsabiqəsi” çərçivəsində isə maksimum 50 000 manat qrant məbləği ayrılacaq. Səfər qrantı üzrə layihələrdə isə maksimum məbləğ 10 000 manatdır. Agentlik tərəfindən eyni QHT-nin həmin təqvim ili ərzində bu müsabiqələr üzrə yalnız 1 (bir) layihəsi (səfər qrantları istisna olmaqla) maliyyələşdirilə bilər”.
Bildirilib ki, müsabiqə elanına uyğun olaraq, QHT müsabiqəyə tək və ya digər tərəfdaş QHT və ya QHT-lər ilə birlikdə layihə təqdim edə bilər: “Bu zaman layihə təqdim edən QHT-lər saziş imzalamaqla əsas ərizəçi təşkilatı müəyyən edirlər. Birgə layihəni əsas ərizəçi təşkilat təqdim edir və qalib gələrsə, qrant müqaviləsi də həmin təşkilatla bağlanılır. Yeniliklər əsasən meyarlarla bağlıdır. Layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması əsas şərtlərdən biri olacaq. Bəzi hallarda QHT-lər elə layihələr təqdim edir ki, QHT-nin öz Nizamnaməsində həmin fəaliyyət istiqaməti yoxdur. Bundan başqa layihənin icrası ilə bağlı QHT-nin işçi heyəti layihə idarəetmə imkanlarına malik olmalıdır. Bunlar olmadıqda, təqdim olunan layihələr bütün müsabiqə formaları üzrə texniki ekspertiza mərhələsindən keçə bilməyəcək. Bu “filtr” layihə təqdim edən QHT-lərin məsuliyyətini artıracaq”.