Son yeniləmə: 15 Sentyabr 2023 11:47
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır
BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfərdədir.
İqtisadiyyat Nazirliyindən sentyabrın 15-də BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, səfərin ilk günü İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının iqtisadiyyat və ticarət üzrə məsul nazirlərinin 12-ci görüşü keçirilib: “Türkiyənin ticarət naziri Ömər Bolat nazirlərin 12-ci görüşünün iştirakçılarını salamlayaraq iclasın işinə uğurlar arzulayıb. Görüşdə çıxış edən İqtisadiyyat nazirinin birinci müavini türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu qurumların, xüsusilə Türk Dövlətləri Təşkilatının mühüm rolunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın quruma üzv olan ölkələrlə tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir. Bununla belə, son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir”.
Məlumatda daha sonra deyilir: “Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev, Özbəkistan Respublikasının gənclər siyasəti və idman nazir Adham İkramov, Qazaxıstan Respublikasının Milli iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, Qırğızıstan Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və energetika naziri Olqun Amcaoğlu çıxışlarında geniş bir coğrafiyada əhatə olunan, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və bir çox imkanlara malik Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr tərəfindən milli maraqlar nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikirlər səsləndiriblər”.