BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Türkiyədə işgüzar səfərdədir. Səfər çərçivəsində KOBİA nümayəndələri İstanbulda keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcək, Türkiyənin sahibkarlıqla bağlı müxtəlif qurumlarında görüşlər keçirəcəklər.
Bu barədə KOBİA-dan məlumat verilib.
Bildirilib ki, sentyabrın 14-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (TÜMSİAD) İdarə Heyətinin sədri Yaşar Doğan ilə görüşüb: “Görüşdə KOBİA-nın Azərbaycan və Türkiyənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyi, bu istiqamətdə Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıq edildiyi vurğulanıb. Sahibkarların dəstəklənməsi sahəsində birgə layihələrin və tədbirlərin təşkili, TÜMSİAD-a üzv olan iş adamlarının Azərbaycanda layihələr həyata keçirməsinə və ya yerli biznes tərəfdaşı tapmasına Agentliyin dəstəyi də görüşdə müzakirə edilib”.