BAYRAQDAR MEDİA – Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar ənənəvi olaraq hər il “Xəzəri qoruyaq!” şüarı altında keçirilən irimiqyaslı təmizlik aksiyası bu il sentyabr 16-da təşkil olunacaq.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “geniş tərkibdə olacaq tədbir Coca-Cola şirkətinin təşəbbüsü, ETSN-nin əməkdaşlığı və “EcoHub” ekoloji platformasının tərəfdaşlığı ilə keçiriləcək. Əsas dəstəkçilər arasında “PAŞA Bank”, “Bakcell”, SOCAR, “Carlsberg Azerbaijan” və “McDonald’s” kimi tanınmış şirkətlərin yer aldığı aksiyada ümumilikdə 1000-ə yaxın könüllünün iştirakı nəzərdə tutulub. Aksiya ötən ildən başlayaraq təkcə Abşeron yarımadasında deyil, Xəzərsahili bölgələrdə – Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt, Neftçala, Lənkəran və Astarada da keçirilir. Aksiyasının keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir”.
Sonra xəbərdə deyilir ki, “son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq!” şüarı ilə artıq 10 ildən çoxdur ki, iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Aksiyalar zamanı toplanan tullantıların miqdarı barədə məlumatlar “Ocean Conservancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur”.
Qeyd edək ki, Xəzər hövzəsində keçirilən irimiqyaslı könüllü təşəbbüs olan bu aksiyaya ildən-ilə maraq artıb, bu il də bir çox şirkətlər və ictimai təşkilatlar aksiyaya tərəfdaş kimi qoşulub. Aksiyanın təşkilinə “ASAN Könüllüləri” təşkilatı, Azərbaycan Cüdo Federasiyası, ABŞ-ın Azərbaycandakı Səfirliyi, AmCham, ADRA, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “LU-MUN” Holdinq, “Təmiz Şəhər”, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Global Shapers Shamakhi Hub, Azərbaycan Jurnalistlər Şəbəkəsi, “Qırmızı Ürəklər” Fondu, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və ona üzv olan ABŞ, İsveç, İsveçrə, İtaliya, Macarıstan və Çin məzunları birlikləri qoşulacaq.