Press "Enter" to skip to content

Gənc aktrisa ilk dəfə “Ər və arvad” tamaşasında

Gültac Əlili

BAYRAQDAR MEDİA – Sentyabrın 16-sı saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 114-cü mövsümünün ilk tamaşası – 114 yaşlı “Ər və arvad” musiqili komediyası olacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrdan daxil olub.

Xəbərdə deyilir ki, “dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri, şərqin ilk operettasının budəfəki nümayişində teatrın gənc aktrisası Gültac Əlili ilk dəfə Minnət xanım obrazını canlandıracaq”.

Aktrisa öz rolu haqda fikirlərini bölüşüb: “İndiyə qədər Musiqili Teatrın bir çox klassik tamaşalarında oynamışam, bu dəfə isə “Ər və arvad”da Minnət xanım obrazı mənə həvalə olunub. Tərəf-müqabilim uğurlarıma sevinən ustadım – Şöhrət ordenli Xalq artistimiz İlham Namiq Kamaldır. Bu rolu məndən öncə ifa edən milyonların sevimli gülüş ustası, Şöhrət ordenli Xalq artistimiz, mənəvi anam – Afaq Bəşirqızının olması da məsuliyyətimi ikiqat artırır. Elə bilirəm bundan böyük xoşbəxtlik yoxdur. Teatrı qəlbən sevən adamlar nə dediyimi çox gözəl anlayırlar… Mənə etimad göstərib bu fürsəti yaratdığına görə başda teatr rəhbərliyi olmaqla, əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Sonra xəbərdə bildirilir ki, “tamaşanın budəfəki nümayişində G.Əlili ilə yanaşı, Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Nahidə Orucova, aktyorlar Gülcahan Salamova, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, Nigar Qarayeva və başqaları ifa edəcəklər”.

Qeyd edək ki, Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və səhnəyə qoyulduğu tarixdən (24 may 1910) indiyə qədər müxtəlif rejissorların təqdimatında nümayiş olunan bu operettanın sonuncu quruluşu (16 oktyabr 2010) tanınmış rejissor Yusif Əkbərova aiddir.

Mission News Theme by Compete Themes.